Milli İstiqlal Muzeyinin dəyərli eksponatları arasında Milli Qəhrəman Hikmət Nəzərlinin də şəxsi əşyaları var. Muzeyin əməkdaşlarının dediklərinə görə, Xocalı şəhərinin müdafiəsi uğrunda əvəzsiz xidmətləri olmuş Hikmətin taleyindən heç kimin məlumatı yoxdu. Onu nə Ağdama gətirilən meyitlərin, nə də əsir düşərgələrindəki girovların arasında görən olmayıb. Anası Mənsurə xanım oğlunun hələ də sağ olduğunu hesab edir. Deyir, hər qapı döyüləndə, elə bilir, Hikmət qapıdan girəcək.
Hikmət Baba oğlu Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində doğulub. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə gedib, sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar ailəsi ilə birgə Daşkəndə köçüb. 1982-ci ildə Bakıya qayıdan Hikmət, 1984-cü ildə hərbi xidmətə çağırılıb. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilib və DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
***
“Gələn il mart ayında Hikmətin əlli yaşı olacaq. Çox istərdim ki, onun adını daşıyan bir küçə, bir məktəb olsun.” Bunu Milli Qəhrəman Hikmət Nəzərlinin anası deyir. Onunla elə öz evlərində görüşdüm. Mənsurə xanım əlildi, yeriyə bilmir. Deyir, oğlundan sonra evə qapılmaqdan ayaqları tutulub. Xəstəliyinin adını və müalicəsinin olub-olmadığını bağlı soruşdum. Cavab verdi ki, sümük xəstəliyidi. Əməliyyat olunması tövsiyyə olunsa da, buna razılıq vermir. Oğlundan xəbər gözləyir:
Hələ 20 Yanvar hadisələrində onu evdə saxlaya bilmirdim. 19-u yanvar gecəsi hər yerdən güllə səsləri gəlirdi, onu çətinliklə tapıb evə sala bilmişdim. Yatdığım otaqda döşəmədən yer saldım ki, getsə, xəbər tuta bilim. Səhər saat beş olardı, gördüm ki, qapı sakitcə açıldı və kimsə özünü çölə saldı. Mən qapıya çatana kimi Hikmət xeyli aralanmışdı, arxadan nə qədər çağırsam da, qayıtmadı. Onu iki gün görmədim. Bilmirdim, sağdı, yoxsa, başına bir iş gəlib. Sonra mənə dedilər ki, Hikməti Şəhidlər Xiyabanında görüblər, şəhidlərin dəfninə kömək edirmiş. İki gündən sonra evə gələndə ayaqlarının altı qabar-qabar idi. Tez-tez döyüş təlimlərinə gedirdi. Bir dəfə məndən hərbi biletini istədi, guya, iş yerindən tələb ediblər. Atası Baba Nəzərli Müdafiə Nazirinin müavini idi. Qarabağa silah və ərzaq aparılmasına kömək edirdi. Dedi ki, tapşıraram əsgərləri aparan avtobus gedəndə evimizin yanından keçər, düşüb Hikmətlə görüşərsən. Avtobusun qapısında dayananda içəridə bir-birindən gözəl, bir-birindən boylu-buxunlu cavanları gördüm, Hikməti yolundan etməyə dilim gəlmədi. Əsgərlərdən biri dedi ki, ana, narahat olma, biz qayıdacağıq. Ön cəbhəyə dövlət tərəfindən heç bir dəstək yox idi. Hansısa döyüş əməliyyatını yerinə yetirəndə Hikmət çaya düşmüşdü, qıcolma tutmuşdu deyə, onu evə gətirmişdilər. Çox arıqlamışdı, əvvəlki cüssəli Hikmətdən əsər-əlamət qalmamışdı. Onlar ilk dəfə cəbhəyə yollananda dekabrın sonları idi. Hikmətlə birlikdə gedən otuz iki nəfər Ağdamda düşsə də, onlardan on iki nəfər vəziyyəti, şəraiti görüb qaçmışdı, iyirmi bir nəfər isə Xocalını müdafiə etməyə yollanmışdı.
Mənsurə xanım əlinin altındakı salfetlərdən birini götürüb gözünün yaşını sildi. Birdən mənə elə gəldi ki, Mənsurə xanımın danışmaqdan çox susmağa ehtiyacı var. Bəlkə də, belə insanların dərdini tərpətdiyimə görə məni heç vaxt bağışlamayacaq Yaradan. Onun gözlərindən tökülən yaş deyildi, od parçasıydı. Düşdüyü yeri yandırardı. Amma Mənsurəxanım onları düşməyə qoymurdu, salfet əlində idi...
Hikmət yanına gələn döyüşçü dostlarına tapşırdı ki, hərbi formasını aparsınlar, gedə bilməyəcək. Dedi, ana, görürsən, mən qalıram. Onun dostları ilə him-cimlə danışması gözümdən yayınmadı. Avtobus yenə bizim həyətdən keçəcəkdi. Səhər qalxdı ki, döyüşcü dostlarını yola salsın. Dedim, Hikmət, axı sənin vəziyyətin yaxşı deyil, onları yola salmasan səndən inciməzlər. Cavab verdi ki, narahat olma, indi qayıdıram. Düşdü aşağı. Mən də pəncərədən baxırdım. Avtobusda hərbi formasını geyindiyini görəndə, başa düşdüm ki, onu saxlamaq mümkün olmayacaq. Əlini yelləyib sağollaşdı, heç əlimi də qaldırmadım, üzümü yana tutdum.
Sonra onunla ancaq telefonla əlaqə yarada bildik. Zəng elədi ki, ata, kömək elə vertolyot göndərsinlər, şəhid oluş döyüşçünü göndərək ailəsinə. Atası dedi, ay oğul, lap pul da verirəm, heç kim, uçmur. Xocalı artıq blokadada idi. Ora heç kim nə ərzaq aparırdı, nə silah. Şəhidi elə ordaca dəfn eləmişdilər. Vəziyyət olduqca qarışıq idi. Bir rus generalını tutduqlarına görə onları bərk danlamışdılar. Aqil komandirləri idi, onlara edilən təzyiqlərə görə bərk əsəbləşibmiş. Deyibmiş ki, necə olur, düşməni əsir götürürük, bizə xəbərdarlıq edirlər ki, onu azad etməsəniz tribunala gedəcəksiniz. Burda oyun oynayırıq? Onunla sonuncu dəfə ayın 19-u danışmışdım. Telefonda ona dedim ki, özün gördün axı vəziyyəti, yenidən niyə qayıtdın ora? Hikmət dedi ki, ana, o camaat axı bizdən kömək gözləyir. Heç bir ərzaq gəlməyən ərazidə əhali boğazından kəsib əsgərləri yedirdi ki, siz bizi qoruyursunuz. Axı onların başqa ümid yeri yoxdu. Xocalı hadisəsi baş verəndə bir nəfər iki sutka binanın damında qalıbmış. Adını unutduğum o adam, danışırdı ki, Hikməti görəndə yaralı idi. buna baxmayaraq, o, zirzəmilərdə gizlənmiş adamları şəhərdən çıxardib geri qayıtmışdı. Sakinlərin sözlərinə görə, o daha dörd nəfərlə postda olanda üstlərindən düşmən tankı keçib. Digər döyüşçülər başı kəsilmiş, güllələnmiş şəkildə tapılsa da, o dörd nəfərdən xəbər çıxmadı. Evimizə müxtəlif zənglər gəlirdi. Ofeyla adlı qadın da zəng edirdi ki, Hikməti yaralı halda Ağdamda görüb. Vertolyota minməli idi, amma yerini həmin qadına verib. Maraqlıdır, Hikmət Ağdama necə gələ bilərdi? O qadın kim idi? Bizim evin nömrəsini hardan almışdı? Sonra dedilər ki, guya Hikməti bir qrup yaralı döyüşçü ilə birlikdə Gəncəyə göndəriblər. Yoldaşım Gəncəyə, Bərdəyə, Mingəçevirə-hara dedilər, ora getdi, amma Hikməti tapa bilmədi. Sağ qalan döyüşçü dostları danışırdı ki, Hikmət bir dəstə erməni hərbçisini qaz kontorunda girov götürmüşdü. Onun avtomatını isə bizə gətirmişdilər, döyüşcülər lazım olanda o silahı bizdən götürüb cəbhəyə düşmən vurmağa aparırdılar. Sonra biz onu təhvil verdik.
Gedəndə silahını burda qoymuşdu?
Yox, axı silah az idi. Özü minamiyotla atırdı. Avtomatını isə döyüşçü dostlarına vermişdi, onlar da silahı bizə gətirmişdilər. Hikmət söz danışan deyildi, amma elə məqamlar var idi ki, özünü saxlaya bilmirdi. Yatdıqları yerdən avtomatları necə oğurladıqlarından danışırdı. Deyirdi, gecə işıqları söndürüb özlərini yatmışlığa vururmuşlar, bəzən isə səhərə qədər oyaq qalırmışlar ki, silah oğrularını tapa bilsinlər. Bu o dövr idi ki, müdafiə olunmağa silah tapılmırdı. Amma kimlərsə satmaq üçün avtomat oğurlayırdı. İfşa olunmuş oğrulara isə heç bir cəza verilmədi. Buna görə də əsgərlər arasında ruh düşgünülüyü var idi.
Hikməti axtarmaq üçün yəqin ki, cəhdlər edirdiniz. Getdiyiniz ünvanlarda ümid işığı var idimi?
Yoldaşım özü bir kəşfiyyatçını Moskvaya göndərmişdi. Həmin adam Hikmətlə birgə itgin düşmüş həmin üç nəfərin də şəklini özü ilə götürmüşdü. Amma heç bir nəticə əldə etməmişdi. Xəbər gətirdi ki, əsrlərin saxlandığı bütün həbsxanalara, zirzəmilərə baxsa da, onların heç biri haqqında məlumat ala bilməyib. Görünür Xocalı sakinləri düz deyib, bəlkə də onların üstündən postda tank keçib.
Bir ananın oğlu haqqında bu cür danışması çox dəhşətlidi, ifadəolunmazdı. Bunları deyərkən, səsindəki əzabı, içindən keçən ağrını hiss etməmək mümkün deyildi. Hərçənd, hadisənin üstündən az vaxt keçməyib.
O bir sözümü iki eləməzdi. Belə atanın oğlu öz həyatını yaşamalı idi. İki yerdə işləyirdi, həm qarajda mühəndis idi, həm də taksi sürücüsü. Onu görən bir tanışımız deyib ki, atana deyəcəm bir oğlu saxlaya bilmirsənmi, gedib sürücü işləyir? Hikmət ona cavab vermişdi ki, burda nə var Oğurluq ki, eləmirəm. Olduqca zəhmətkeş idi. Gəlib deməzdi ki, ata, mənə pul ver.
Mənsurə xanım Hikmətin axtarışı ilə bağlı mövzuya yenidən qayıtdı. Söhbətboyu ananın oğlunu tapacağı ilə bağlı ümidin ölümsüzlüyündən içimə qəribə bir hiss doldu. Bilmirsən gözləməkdən ayaqları tutulmuş ananın közərmiş ümidini üfürüb yanmasına kömək edəsən, yoxsa işarıb-işarıb sönsün deyə, nəfəsini içinə çəkəsən.
Hikmətin axtarışı ilə bağlı yenə də cəhdlər edirik. Bu yaxınlarda Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları bizdən DNK analizi üçün qan nümunəsi götürdü. Dedilər, kütləvi dəfnlər edilən yerlərdən çıxarılan meyitlər yoxlanılacaq.
Onun dirisini də, ölüsünü də çox axtardıq. Bizə deyirdilər ki, Hikmət tapılıb, tabut düzəltdirin. Yoldaşım hər dəfə gedib görürdü ki, Hikmətin cənazəsi deyil. Yoldaşım Hikmət adı ilə on dörd nəfər dəfn edib. Sonuncu dəfə yenə bir nəfərin tabutunu gətirdilər ki, daha bunu açmayın, oğlunuzdu. Mən dəvə yunundan bir poliver vermişdim Hikmətə, çox isti saxlayırdı. Hikmət deyirdi ki, ana, o poliveri posta kim çıxsa, o geyinir. Poliver tapubtakı şəhidin əynində idi deyə, adamlar onun Hikmət olduğuna inanmışdılar. Təbii ki, tabut açılandan sonra aydın oldu ki, o da Hikmət deyil.
Evlərindən çıxanda gözləri yolda qalmış anaya hansı təsəllini verəcəyim haqda düşündüm. Yadıma düşdü ki, xeyli Xocalı sakini ilə görüşmüşəm. Bəlkə də Hikmətin harda olduğunun cavabı o səs yazılarının arasındadı. Bəlkə də xocalılarla keçirilən bu silsilə görüşlərin birində tapılacaq Hikmət. Hər şeyə inanan deyiləm, amma elə bil, Mənsurə ananın közərən ümidin bir parça qopub ürəyimə düşmüşdü. Ananın sözləri qulaqlarımdan getmədi yolboyu: “Əvvəllər tez-tez yuxuma gələrdi. Bu günlərdə özümü çox pis hiss edirdim, evdəkilərə heç nə demədim. Özümdən getmişdim deyəsən, onda gördüm Hikmət yaxamdan bərk-bərk tutub silkələyir: “Ana, ana”. Özümə gəldim. Siması elə gözəl idi ki...”
Feyziyyə