Müdafiə Nazirliyi mətbuat mərkəzindən daxil olan məlumata görə, qonaqları salamlayan Müdafiə naziri ordu quruculuğu məsələlərinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqətdə saxlamasını nəzərə çatdıraraq son dövrlərdə ictimaiyyət nümayəndələrinin cəbhəboyu zonalara səfərlərinin vacibliyini qeyd edib. O, bu kimi tədbirlərin keçirilməsinin şəxsi heyətin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin böyük ruh yüksəkliyinə səbəb olmasını xüsusi vurğulayıb.



Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, paralimpiya çempionu İlham Zəkiyev, “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxış edərək səfərlərin təşkilində dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 



Onlar ön səngərdə xidməti vəzifələrini şərəflə yerinə yetirən hərbi qulluqçuların Vətənin keşiyində ayıq-sayıq dayanmasından, hər gün Ermənistan silahlı bölmələrinə layiqli cavab verilməsindən, ordumuzun maddi-texniki bazasının, sosial-məişət şəraitinin və şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından qürur duyduqlarını ifadə edərək öz təkliflərini də diqqətə çatdırıblar.




Sonda görüş iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.