ANS TV-nin məlumatına görə, bu gün qulaqcıqlar az qala gənclərin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Amma bu vərdiş də onların çoxunun sağlamlığını, həyatını təhlükə altına atır desək yanılmarıq. Araşdırmalar göstərir ki, son 7 ildə qulaqcıqlı piyadaların iştirakı ilə yollarda baş verən bədbəxt hadisələr 3 dəfə artıb.

Qulaqcıq istifadəçiləri 30 yaşa qədər eşitmə qabiliyyətini itirmə riski daşıyırlar. Statistika da göstərir ki, dünyada karlaşma həddi cavanlaşır. Belə ki, əvvəllər bu hədd 70 yaşdan sonra yaranırdısa, indi artıq 30-40 yaşında insanlar bundan əziyyət çəkir.

Müşahidələrimiz göstərir ki qulağında qulaqcıq, özünü tamamilə musiqiyə “təslim” etmiş yeniyetmə və gənclərin sayı durmadan artır. Eyni zamanda paytaxtda sağa-sola baxmadan yolu keçən qulaqcıqlı gənclər də rast gəlmək olar.

Məhz təhlükəsizlik qaydalarına riayət etməyən qulaqçıqlı gənclər sürücülər üçün də təhlükə mənbəyidir.

Amerikalı mütəxəssislər elektron sistemlərində toplanılan travmatoloji hesabatların, eləcə də internet axtarış motoru “Google”in 2004-2011-ci illəri əhatə edən xəbərlər arxivinin təhlilini aparıblar.

Alimlər yol-nəqliyyat hadisələrində zərər çəkmiş və insident zamanı qulaqcıqla olmuş piyadalara xüsusi diqqət ayırıblar. 

Ümumilikdə hadisələrin 70 faizinin piyadaların ölümü ilə nəticələndiyi bəlli olub. O da bəllidir ki,“Musiqi can dərmanıdır” sözlərini əbəs yerə deməyiblər. 

Bu dərmandan da dozadan artıq istifadə etməmək məsləhətdir. Necə ki, qədərindən artıq hər bir şey fəsadlar törədir. Özünüzdən və ən əsası isə qulağınızdan müğayət olun.