Məsələ burasındadır ki, artıq daha bir erməni Azərbaycana sığındı. Bu dəfə “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyan özünün də dediyi kimi, Ermənistanda təzyiqlərə dözməyərək Azərbaycana pənah gətirib.
O, cari ildə gələcək həyatlarını Azərbaycanla bağlamaq istəyən ikinci ermənidir. 2015-ci il martın 22-də ermənistanlı hərbçi Andronik Qriqoryan könüllü olaraq Azərbaycan tərəfinə keçmişdi. 2014-cü il dekabrın 12-də isə Gevorkyan ailəsi də təqiblərdən xilas olmaq üçün həmyerlilərinin yolunu seçmişdi.
Əvvəlki illərdə də buna bənzər halların dəfələrlə şahidi olmuşuq. Sadaladığımız misallardan göründüyü kimi, Ermənistandan hər cür peşə sahibi - əsgər, sıravi vətəndaş, hüquq müdafiəçisi və s. - ölkəmizə keçir. Bu onu göstərir ki, Ermənistandakı acınacaqlı durum Serj Sarkisyan rejimində təmsil olunanlar və onun əlaltılarından başqa peşəsindən asılı olmayaraq hamını cana yığıb.
Ermənilərin ölkəmizə kütləvi axın etməsi üçün iki ölkə arasında sərhədlərin açılması kifayət edəcək. Martirosyan Bakıda mətbuat konfransında həmin axının hazırda Avropaya miqrant axını kimi olacağını bildirib.
Müqayisə çox mənalıdır. Miqrantların Avropaya keçməsinin səbəbi nədir? Müharibə, aclıq, özbaşınalıq və ümidsizlik. Sadalanan səbəblər Ermənistandan Azərbaycana keçən və keçəcək qaçqınlar üçün də keçərlidir.
Yeri gəlmişkən, Azərbaycan düşmən ölkənin vətəndaşları olsa belə, humanist prinsiplərin aliliyini heç vaxt unutmayaraq ölkəmizə könüllü keçən ermənilərə qarşı heç bir təzyiq göstərməyib. Avropanın miqrantlara göstərdiyi münasibətdən fərqli olaraq Azərbaycanın erməni qaçqınların axını qarşısında da bu mövqedən çıxış edəcəyini indidən söyləmək olar.
Onsuz da Ermənistan əhalisi ölkədəki ümidsizlikdən dünyanın hər bir yerinə səpələnib. Sarkisyan prezidenti olduğu ölkənin uçurumun astasında olduğunu görmürmü? Bəzən insan hərəkətlərinə qiymət vermək üçün özünə kənardan baxmalıdır. Bunun müasir metodu çıxıb - “selfi”.
Sarkisyan “selfi” çubuğundan istifadə etməklə dağıtmaqda olduğu Ermənistanın fonunda şəkil çəkdirsə, ölkədə nələrin baş verdiyini yaxşı görə bilər. Sarkisyan görər ki, Ermənistanda düşünüldüyündən də daha az adam qalıb, ölkənin üzərinə qara buludlar çöküb.
Ermənilərin Azərbaycana üz tutmaları ölkəmizdə həyat şəraitinin yüksək səviyyədə olmasından da xəbər verir. Digər tərəfdən, ermənilər başa düşürlər ki, Azərbaycan hakimiyyəti və xalqı öz mübarizələrində haqlıdırlar və onların davası Ermənistan xalqına deyil, Ermənistan rəhbərliyinə və diasporuna qarşı yönəlib.
Məftun Salmanov – Trend