6 aydır ki, bu quşu Mİngəçevir sakini Cumayev İsmayıl Cuma oğlu saxlayır. Yumurtadan təzəcə çıxandan İsmayıl bu quşa bağlanıb. İşdə də, evdə də, hətta yatanda da dolaşası onun yanında olub. Bir sözlə, ona ən yaxını olub.
İsmayıl Mingəçevir şəhər Əli qəbirstanlığının yanındakı mərmər sexində çalışır. Dolaşa da bütün gününü bu qəbirstanlığın ərazisində dolaşır. O, açıq havada azad şəkildə uçsa da, gecələr qəfəsinə gəlir. Bununla sahibinə bağılığını göstərir. İndi bu quş İsmayılın dediyi hər şeyi anlayır, İsmayılın getdiyi hər yerə onunla gedir, hətta avtomobilində də onu yalnız qoymur, şəhərin içində tıxacda belə onun avtomobilinin ətrafında uçur. Bu da şəhər sakinlərinin marağına səbəb olub.
Sakinlərin narahatlığına səbəb olan məqamlardan biri isə bu quşun pul oğurlamasıdır. İsmayıl bir neçə günlük istirahətə getdikdən sonra dolaşa ondan küsüb, ona olan bağlılığını unudub və keçib qazanc olan tərəfə. Belə ki, bu quş harda pul, yaxud parlaq bir şey gördüsə oğurlayır. 1 manat, 5 manat, qəpiklər, hətta boyunbağı, bilərzik və sair. Dəfələrlə olub ki, İsmayıl bu əşyaların sahiblərinə üzrxahlıq edib, quşun oğurladığı şeyləri qaytarıb. İndi isə o quşun bu oğurluq vərdişini aradan götürməyə çalışır. Bunun üçün əvvəlcə ondan üz döndərən bu quşu yenidən özünə bağlamağa çalışır.
Qeyd edək ki, qarğakimilər fəslindən olan dolaşa quşuna Mingəçevir ərazisində az rast gəlinir. Bu quşların xarakteristikasında nəyisə götürüb aparmaq bacarığı var. Sahibi deyir ki, bu quş yeni hər şeylə maraqlanır. Nəsə axtarır, didir, ta ki, bezənə qədər. Məhz elə oğurladığı pullar kimi. Kağız pulların hamısını didir. Yaxşı ki, xoş niyyətli sahibi var, yoxsa oğurluqlarda təqsirli bilinə bilər. İndi sahibi ona ilbiz yedirdir ki, təzədən özünə alışdırsın və düzgün istiqamətdə ona təlim keçsin. Dolaşa qəbirlərin üstündə olan bu ilbizləri böyük ləzzətlə yeyir. İsmayıl deyir ki, bu quş çox ağıllıdır. Bir neçə aydan sonra isə tutuquşu kimi onun adını çəkməyi belə bacaracaq. Yəni ona İSMAYIL deyib çağıracaq.../mi-news.az/