Politoloq qeyd edib ki, bu iki məqsədin hər ikisi sonda Dağlıq Qarabağın müstəqil qurum kimi tanımasına xidmət edir. onun sözlərinə görə, Dağlıq Qarabağdakı son yerli seçkilər demokratik hesab edilə bilməz:
“I. Bu seçkilər alternativsiz idi. 207 icma başçısı seçilməli idi. 207 yer uğrunda 235 nəfər mübarizə apardı. 1022 icma üzvü seçilmək üçün cəmi 1234 nəfər mübarizəyə qatılmışdı.
II. Siyasi opponentlər aşkar şəkildə sıxışdırılırdı. Əskəranda general Vladimir Balasanyanı Samvel Ağacanyanın udması qeyri-mümkündür. V.Balasanyan Dağlıq Qarabağda keçirilən “prezident” seçkilərində B.Saakyana ciddi rəqabət yaratdığı üçün onu bu qaydada uduzdurdular. V.Balasanyan Azərbaycan torpaqlarının işğalında təsirli rol oynayıb. Bu məsələdə onun rolu hətta B.Saakyandan üstündür. Ermənilər üçün Azərbaycan torpaqlarının işğalında iştirak həlledici rola malikdir. Bu məsələ yadımıza Masis Mailyanın prezident seçkilərinə qoşulmasının aqibətini salır. Dağlıq Qarabağda «xarici işlər nazirinin» müaviniM.Mailyan prezident seçkilərinə demokratik don geyindirmək üçün bu prosesə qatıldı. Vəzifədən dərhal kənarlaşdırıldı. O vaxtdan indiyədək M.Mailyan müstəqil ekspert kimi fəaliyyət göstərir.
III. Dağlıq Qarabağda hərbi polis rejimidir. Hər şey nəzarət altındadır. Yerli ermənilərin siyasiləşmiş olmasını nəzərə alsaq hərbi polis rejimi belə siyasi prosedurları asanlıqla teatrlaşdırılmış şou formatında keçirə bilir”.
M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağdakı seçkilər ermənilərin uzunmüddətli idarəçilik tezisinə olan ümidini sındırdı:
“Başqa sözlə, əks-effekt yaratdı. Beynəlxalq aləm Dağlıq Qarabağdakı keçirilən yerli seçkilərə münasibət bildirərkən belə bir müstəqil dövlət və ya qurum tanımadıqlarını bəyan etdilər. Bu rəsmən Dağlıq Qarabağın Dağlıq Qarabağ erməniləri tərəfindən idarə edilməsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbuledilməzliyi anlamındadır. Amma daha maraqlı rəsmi mövqelər də var idi.
ABŞ Dövlət Departamentinin 13 sentyabr yerli seçkilərlə bağlı rəsmi mövqeyi ermənilərin ciddi narahatlığına səbəb oldu. ABŞ Dövlət Departamentinin bəyanatında bir-biri ilə bağlı olan 3 məsələ var idi. Birincisi, “əhali” termini işlənirdi.
ABŞ-ın dilində Dağlıq Qarabağ münaqişəsinə xitabən “əhali” terminin işlənməsi ənənəyə çevrilir. “Əhali” dedikdə Dağlıq Qarabağ erməniləri başa düşülmür. Ermənilərin bütün cəhdi isə Dağlıq Qarabağın ermənilərə məxsusluğunu əsaslandırmağa yönəlib. “Əhali” dedikdə Dağlıq Qarabağda yaşayan ermənilərlə yaşamış azərbaycanlıların birgə məcmuyu başa düşülür. Bu kontekstdən ABŞ 13 sentyabr seçkilərində Dağlıq Qarabağ ermənilərinin aktivliyini inkar edir. Çünki Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları olmadan belə aktivlik nümayiş etdiriblər. ABŞ-a ayrıca götürülmüş erməni və ya azərbaycanlı icmanın aktivliyi lazım deyil. ABŞ-a Dağlıq Qarabağda erməni ilə azərbaycanlının birgə aktivliyi lazımdır. ABŞ Dövlət Departamentinin rəsmi mövqeyində ikinci vacib məqam bu seçkilərin həmin ərazilərin statusunu müəyyən edə bilməməsi ilə bağlı tezisdir; Ayrı-ayrı yerli icmalar, eləcə də ümumilikdə Dağlıq Qarabağdakı ermənilər indi yaşadıqları ərazinin statusunu müəyyən edə bilməzlər. Üçüncü məqam keçirilən yerli seçkilərin Dağlıq Qarabağın ümumi statusunun müəyyən olunmasına və ATƏT MQ çərçivəsində gedən proseslərə təsir etməyəcəyi barədə olan fikirlərdir. ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda heç bir fikir ermənilərin maraqlarına cavab verən formada yozula bilməz”.
Politoloq əlavə edib ki, Ermənistan və bütün dünya erməniliyi 1987-ci ildən üzü bəri havayı əziyyət çəkiblər: “Özləri özlərinə zülm ediblər. ABŞ Dövlət Departamentinin və digər beynəlxalq qurumların verdiyi bəyanatlarından çıxan ümumi nəticə yalnız budur. Amma belə görünür ermənilərin özləri üçün nəticə çıxarmaq fikirləri yoxdur. Çünki ağıllanmaq istəmirlər”.