Nazirlər Kabinetindən verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nda dəyişikliklər edilib.
Yeni dəyişikliklərə əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətlərini həyata keçirən zaman müvafiq müayinə və ekspertizanın nəticələrinə görə həm də genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunmuş yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsini müəyyən edir.
İnsan qidalanması üçün yararsız sayılmış yeyinti məhsulunun və ya xammalının təkrar sənaye emalı mümkün olmazsa və heyvanların yemlənməsi üçün istifadə olunmazsa, habelə genetik modifikasiya olunmuş bitkilər, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları” onlar məhv ediləcək.