APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Suriya kəşfiyyatındakı mənbə bildirib.
“Xan Arnabi qəsəbəsi yaxınlığında gedən şiddətli döyüşlər zamanı 50-dən çox terrorçu mühasirəyə alınıb. Dəstənin komandiri Mücahid ibn Zara öldürüldükdən sonra terrorçular silahı yerə qoyaraq ordu qüvvələrinə təslim olub”, - deyə məlumatda bildirilir.
Məlumata görə, əsir götürülən terrorçuların əksəriyyəti ABŞ-ın Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yaratdığı təlim düşərgələrində intensiv xüsusi hazırlıq kursu keçib.
Qeyd olunan dəstə Əl Hasak şəhərində qanlı terror aktları, Dəməşqdə isə inzibati binalarda partlayışlar törədib.
“Əsir götürülənlər arasında Ad-Dar əl Kəbirə şəhəri yaxınlığındakı təlim düşərgəsində hazırlıq kursu keçmiş terrorçular da var. Onlardan birinin etirafına əsasən, Suriya ordusunun strateji obyektlərin mühafizə sisteminin öyrənilməsinə dair xüsusi kurs keçmiş bir qrup terrorçu irimiqyaslı terror aktları törətməyi planlaşdırıb”, - deyə mənbə bildirib.