Komitə sədrinin sözlərinə görə, bu qərarın qüvvəyə minməsi ilə falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq və belə hallara yol verən şəxslər ciddi cəzalandırılacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.
Komitə sədrinin fikirlərindən irəli gələn məqamlardan çıxış etsək, istər-istəməz ölkədə olan falçı və ekstrasenslərin fəaliyyət göstərməsi məsələsi gündəmə gəlir.
Ekstrasenslərdən danışarkən ilk yada düşən hazırda Rusiyada yaşayan həmyerlimiz Zirəddin Rzayevdir. O Z.Rzayev ki, TNT kanalında yayımlanan “Bitva ekstrasensov” verilişində qalib olub. Ondan sonra “ulduzu parlayan” Z.Rzayev ölkəmizdə də məşhurlaşmağa başlayıb. Onun vaxtaşırı mətbuatda bir sıra məsələlərlə bağlı proqnozlarına rast gəlirik.
Bir müddət telekanallarda şou verilişlərə qatılan və “cin çıxaran” Həsən Həsrətlinin sözlərinə görə, dünyada insanların sayı qədər cin var. Vaxtilə “Aygün Kazımova qan xəstəliyinə tutulacaq” deyərək, şou gündəmində “bomba partladan” bu şəxs də Z.Rzayev kimi daha çox şou xarakterli proqnozlarla gündəmə gəlir.
“Ekstra hiss” layihəsinin qalibi olmuş Lamiyə İsmayılova özünü falçı yox, ekstrasens adlandırır. O, iddia edir ki, ekstra gücə sahibdir və insanları bioenerji vasitəsilə müalicə edir.
Cəmiyyətdə birmənalı qəbul olunmayan, daha çox səhv proqnozlarla ictimaiyyəti aldatdığı deyilən Yeganə Zeynalova əvvəllər telekanallarda tez-tez görünsə də, son vaxtlar gözə dəymir. “Mənim rəqibim yoxdur” deyən Y.Zeynalova bildirir ki, həmkarlarının arasında fırıldaqçılar çoxdur.
Anar Abdullayev “ekstrasens bazarı”nda çox pul tələb edən baxıcılardandır. Onun müştərilərindən 15 dəqiqə üçün 100 manat aldığı deyilir.
Xatırladaq ki, ekstrasenslərdən bəziləri həbs olunaraq, dəmir barmaqlıqlar arasına salınıb. Özünü parapsixoloq kimi təqdim edən və uzun müddət televiziyada aparıcılıq etmiş İlham Mirzəyevin, “Ekstra hiss” müsabiqəsinin daha bir qalibi Tamilla Salamovanın və digərlərinin həbsi deyilənləri təsdiqləyir.
Bütün səmavi dinlərdə, o cümlədən İslamda insanın taleyini öncədən demək, konkret olaraq falçılıq doğru qəbul olunmur. Bu xidmətdən isə daha çox iradəsiz adamlar istifadə edir. Bütün hallarda nə yüzlərlə insanları aldatmağa çalışan falçılara, nə də onların müştərilərinə haqq qazandırmaq olmaz.
Strategiya.az