Trend-in məlumatına görə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Hüseyn Cavidin yaradıçılığı bu gün geniş şəkildə tədqiq edilir. O, "Hüseyn Cavid. Vətənə qayıdış" kitabının hazırlanmasını və "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsinin keçirilməsini H.Cavidin yaradıçılığının tədqiq olunması baxımından əhəmiyyətli sayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib ki, Hüseyn Cavidin cənazəsinin sovet hakimiyyəti dövründə Azərbaycana gətirilməsi məhz Heydər Əliyevin xidmətləri olub. Bunun sovet ideologiyasına uyğun gəlməyən bir hadisə olduğunu deyən İ.Həbibbəyli qeyd edib ki, "Kapsi" mərkəzinin elan etdiyi müsabiqəni və çap edilən kitabı H.Cavid epopeyasını Azərbaycana təqdim edən faydalı, cəmiyyətə qiymətli mesajlar verən əsərlər saymaq olar. İ.Həbibbəyli görülən bu işlərin cavidşünaslıq elminə yeni qayıdışın baş vermısinə təkan verəcəyini də deyib.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli deyib ki, bu layihə Azərbaycan ədəbiyyatına olan hörmətin nəticəsdir: "Azərbaycan ədəbiyyatını sevən hər bir şəxsin adından təşkilatçılara təşəkkür etmək istəyirəm. Bu gün klassik ədəbiyyata qayıtmaq vacibdir. Bu baxımdan layihəni daha dəyərli hesab etmək olar".
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, "Kaspi" mərkəzinin təşəbbüsü ilə H.Cavidin əsərləri 3 cilddə çap edilib. O, bu mərkəzin H.Cavid yaradçılığının təqdim olunması sahəsində gördüyü işləri yüksək dəyərləndirib.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin birgə layihəsi olan "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi 2014-cü ilin yay aylarında elan edilib. Müsabiqə müddətində 100-ə yaxın məqalə qəbul edilib.
Münsiflər Heyəti tərəfindən seçilmiş 31 məqalə "Hüseyn Cavid. Vətənə qayıdış" kitabına daxil edilib. Müsabiqədə Ziyadxan Əliyevin "Hüseyn Cavid romantizmi rənglərin işığında" məqaləsi 1-ci yerə, Elnarə Akimovanın " Cavid yaradıçılığı: zamana baxış konteksində" məqaləsi 2-ci yerə, Gülnarə Səmanın "Cavidanə uçurum" məqaləsi 3-cü yerə layiq görülüb.
"Kaspi" qəzeti Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və ədəbiyyatının keşiyində duran, müstəsna xidmətləri ilə yadda qalan simaları, ziyalıları qiymətləndirmək məqsədi ilə "Kaspi" mükafatı təsis edib. Mükafat bu ildən etibarən xüsusi xidmətlərə görə verilir.
Bu il ulu öndər Heydər Əliyevin göstərişi ilə dahi Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən vətənə qaytaran nümayəndə heyətinin sədri olmuş, əhəmiyyətli materialları, sənədləri qoruyub günümüzə çatdırmış Həmid Cəfərov Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi xifmətlərə görə, "Kaspi" mükafatı ilə təltif edilib.
Tədbirin sonunda qaliblərə mükafat təqdim edilib.
Strategiya.az