Hörmətli qonaqlar, media nümayəndələri.
İlk növbədə yenidən məni "Jurnalistlərin dostu" mükafatına layiq gördüyünüz üçün sizə minnətdaram. Doğrudan da mənim üçün böyük şərəfdir ki, ikinci dəfə bu ada layiq görülürəm. Çalışacağam ki, bundan sonra da "Jurnalistlərin dostu" kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyim.
Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır.
Bildiyiniz kimi, Azərbaycanda azad jurnalistikanın yaradılması prosesi 1980-ci illərin sonlarına təsadüf edir. Ondan sonra 1990-cı illərin əvvəllərində bu prosesə daha da böyük təkan verilmişdir. Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə senzuranın ləğv edilməsi bu sahədə də dönüş yaratdı, bu sahədə də Azərbaycanın siyasətini əks etdirdi. Çünki 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın inkişaf konsepsiyası icra edilir. Bu konsepsiyanın əsas istiqamətləri bu gün artıq reallıqdır.
Azərbaycan dünya birliyinə inteqrasiya etməli idi. Azərbaycan öz iqtisadi potensialını azad iqtisadiyyat üzərində qurmalı idi. Azərbaycanda azad, demokratik cəmiyyət qurulmalı idi. 1998-ci ildə bu qərarın verilməsi, əlbəttə ki, təsadüfi deyildi və bir çox ölkələr üçün nümunə idi. Hesab edirəm ki, o gündən bu günə qədər Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilmişdir. İldən-ilə bu sahəyə ayrılan dövlət diqqəti, dəstəyi artıb. Son illər ərzində, hesab edirəm ki, Azərbaycan bu sahədə müxtəlif parametrlər üzrə çox böyük irəliləyişə nail ola bilmişdir.
Demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu vardır. Bu salonda əyləşən jurnalistlər, media nümayəndələri, media rəhbərləri o insanlardılar ki, Azərbaycanda azad medianın yaradılmasında xüsusi rol oynamışlar və bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Deyə bilərəm ki, bu gün bu salonda Azərbaycanda medianın inkişafı ilə bağlı istiqamətverici qurumların nümayəndələri iştirak edirlər. Əlbəttə, jurnalist cəmiyyətinin fəaliyyəti və jurnalist cəmiyyətindən cəmiyyətə gələn sifariş hesab edirəm ki, azad jurnalistikanın, müstəqil medianın yaradılmasında mühüm rol oynayır. Ancaq, eyni zamanda, dövlət siyasəti olmadan bu proseslər lazımi səviyyədə təşkil edilə bilməz. Hesab edirəm ki, Azərbaycanda bax, bu iki əsas istiqamətin birləşməsi bugünkü müsbət dinamikanı təmin etmişdir.
Azərbaycanda bütün azadlıqlar vardır. Azərbaycanda demokratik cəmiyyət qurulur. İqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılması, əlbəttə ki, ölkəmizin gələcəyini müəyyən edəcəkdir. Bu istiqamətdə atılan addımlar, hesab edirəm ki, gözəl bir nümunədir. Çünki bizim bütün istiqamətlər üzrə siyasətimiz açıqdır, aydındır. Dəfələrlə bu barədə mən fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan müasir dövlət qurur, müstəqil dövlət qurmuşdur və Azərbaycanın gələcək inkişafı iqtisadi və siyasi islahatlardan asılı olacaqdır. Mən hesab edirəm, son illər ərzində bu sahədə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, biz gələcəkdə də hər iki istiqamət üzrə inamla irəliyə gedəcəyik. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq tam reallaşıbdır. Gələcək illərdə demokratik inkişafla bağlı aparılacaq islahatlar, hesab edirəm ki, bu sahədə də Azərbaycandakı vəziyyəti ən yüksək səviyyəyə çatdıracaqdır.
Eyni zamanda, qeyd etməliyəm ki, demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. Siz də qeyd etdiyiniz kimi, bəzi məsələlərdə, xüsusilə media nümayəndələrinin məişət problemlərinin həlli işində Azərbaycan ön yerlərdədir. Bu barədə mən bu ilin yayında öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlar iş adamları, başqa kateqoriyadan olan insanlar kimi öz fəaliyyəti hesabına layiqli mənzillərə sahib ola bilmirlər. Ona görə dövlət öz dəstəyini mütləq verməlidir.
Hesab edirəm ki, Azərbaycanda bütün başqa sahələrdə dinamik inkişafın təmin edilməsi üçün ictimai-siyasi sahədə də müsbət dinamika olmalıdır. Bu ilin prezident seçkiləri onu göstərdi ki, Azərbaycanda ictimai-siyasi vəziyyət müsbətdir. Cəmiyyətdə ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur. Müstəqillik, dövlətçilik, müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir. Müstəqil Azərbaycan gənc dövlətdir, ancaq buna baxmayaraq, öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünəlayiq yer tuta bilibdir. İqtisadi müstəqilliyin əldə edilməsi nəticəsində siyasi müstəqillik də təmin edilir. Azərbaycan bu gün xarici siyasətlə bağlı nəinki bölgədə, regionda, dünya miqyasında öz rolunu oynayır. Daxildə gedən proseslər ölkəmizi daha da gücləndirir. Son illərdə Azərbaycanda aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, sosial məsələlərin həlli ölkəmizi böyük dərəcədə gücləndirmişdir.
Əlbəttə, bütün bu müsbət nəticələrlə, nailiyyətlərlə yanaşı, demokratik inkişafla bağlı irəliləyiş olmalı idi. Biz bunu görürük. Əlbəttə ki, hələ görüləsi işlər çoxdur, nöqsanlar da, çatışmayan cəhətlər də vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyində bu məsələlərlə bağlı çox dəqiq təsəvvür və çox güclü siyasi iradə vardır.
Müstəqillik tarixi bir şans idi. Bu salonda əyləşənlərin əksəriyyəti sovet dövründə yaşamış, fəaliyyət göstərmiş insanlardır. Biz hamımız o illəri yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, müstəqillik Azərbaycan xalqına çox baha başa gəldi. Ona görə bu tarixi şansı biz nəinki əldən verməməliyik, heç vaxt əldən vermərik. Eyni zamanda, müstəqillik dövründən maksimum səmərə ilə istifadə etməliyik.
Elə dövlət qurmalıyıq ki, bu dövlətin əsasları sarsılmaz olsun, bu dövlət daim yaşasın, Azərbaycan xalqı bundan sonra daim müstəqillik, azadlıq şəraitində yaşasın.
Ancaq müstəqillik, sadəcə olaraq, dövlət atributları deyildir, müstəqil siyasət aparmaq imkanları da olmalıdır. Biz bir sıra müstəqil ölkə tanıyırıq ki, onların müstəqil siyasət aparmaq imkanları məhduddur. Azərbaycan o ölkələrdəndir ki, bütün çətinliklərə baxmayaraq, müstəqillik dövründə bu şansı əldən verməyib, dövlət müstəqilliyini möhkəmləndirə bilibdir, güclü dövlət əsasları qurulubdur, yaradılıbdır. Bu gün Azərbaycanın gələcək inkişafı ilə bağlı nə cəmiyyətdə, nə də ekspert cəmiyyətində heç bir şübhə yoxdur. Biz yalnız inkişaf yolunu gedəcəyik, öz qüdrətimizi artıracağıq, müstəqil xəttimizi bundan sonra da aparacağıq və güclü dövlət yaradacağıq. Bu istiqamətdə artıq bir çox məsələlər öz həllini tapmışdır. Güclü dövlət quruculuğu işində demokratik prinsiplər xüsusi yer tutur.
Onu da qeyd etməliyəm ki, məhz 1990-cı illərin ortalarında Azərbaycanın inkişaf konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada azadlıqlar, demokratik inkişaf məsələləri xüsusi yer tutur. Çünki demokratik cəmiyyət qurulmasa, bizim uğurlarımızın dayanıqlılığı təmin edilə bilməz. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə vardır. Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq.
Eyni zamanda, biz bütün siyasətimizi elə qurmalıyıq ki, ölkəmizin dayanıqlı inkişafı təmin edilsin. Çünki bu gün Azərbaycana qarşı dünyada çox böyük qüvvələr hərəkətə keçiblər. Əlbəttə ki, ilk növbədə erməni lobbisi Azərbaycana qarşı kampaniya aparır, mütəmadi qaydada ölkəmizi qaralamaq, ləkələmək, Azərbaycan haqqında təhrif edilmiş rəy yaratmaq üçün fəaliyyət göstərir.
XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu, əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada, əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.
Yəqin siz onu da yaxşı bilirsiniz ki, ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini bəzi xarici dairələr qəbul etmək istəmirlər. Bəzi xarici dairələr Azərbaycana qarşı "qara piar" kampaniyası aparırlar. Xüsusilə "Eurovision" ərəfəsində biz bunun şahidi olmuşuq.
Azərbaycana qarşı düşünülmüş, koordinasiya edilmiş, məqsədyönlü qaralama kampaniyası aparılırdı və əlbəttə ki, bu məsələ də diqqətimizi çəkmişdi. Biz də öz tərəfimizdən lazımi tədbirləri gördük ki, buna son qoyulsun. Mən hesab edirəm ki, hər sahədə olduğu kimi, bu sahədə də biz müdafiə prinsipləri ilə yox, hücum taktikasından istifadə etməliyik və etdik də. Hesab edirəm ki, ölkəmizin maraqlarını və imicini qoruya bildik.
Ancaq o da həqiqətdir ki, bu gün dünyada gedən proseslər, təsir uğrunda aparılan mübarizələr, - açıq və gizli mübarizələr, - əlbəttə ki, Azərbaycandan da yan keçə bilməz. Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa, məlumatdan istifadə edib düzgün təhlil aparmaq üçün imkanlar vardır. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır.
Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - "qara piar" kampaniyası, ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq.
Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır və ola bilər. İlk növbədə hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, bizim yerli mediamız xarici təsirdən azad olsun. Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur. Mənim bu məsələ ilə bağlı öz fikirlərim vardır. İstəmirəm bu barədə geniş danışım. Amma hər halda inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır. Ancaq hələ ki, bu, belədir. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər vardır və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.
Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir. Biz bir çox hallarda inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürməyə çalışırıq. Orada da belədir. Bir neçə qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır. Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər. Bu, ilk növbədədir. Ondan sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə əlavə imkan, əlavə fürsət verir və bu fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində proseslər başqa istiqamətdə getsin. Ona görə, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də yaxşı olar.
Bax, bu barədə mən öz əsas fikirlərimi bildirmək istəyirdim. Əvvəlki görüşlərimizdə də biz jurnalistikanın inkişafı ilə bağlı fikir mübadiləsi aparmışıq. Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi - bütün bu məsələlər çox vacibdir. Siz özünüz də bunu hamıdan yaxşı bilirsiniz. Bilirəm ki, bu məsələlər Mətbuat Şurasında mütəmadi qaydada müzakirə edilir. Azərbaycan mediası daim inkişaf etməlidir. Əgər biz keçmiş illərə nəzər salsaq, görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə, xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək, görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir.
Eyni zamanda, əlbəttə ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir. Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir.
Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda, biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq. Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda, dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik. Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik.
Mən bu mükafata görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir. Sağ olun.
***
İlham Əliyevin mərasimdə yekun nitqi:
- Çox sağ olun, əziz dostlar! Dediyiniz sözlərə, mənim ünvanıma dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Burada bir neçə təklif səsləndi. İstərdim ki, bu təkliflərə öz münasibətimi bildirim. Qabiliyyət imtahanları ilə bağlı hesab edirəm ki, bu, çox düzgün təklifdir və bunu biz nəzərə almalıyıq. Çünki jurnalistika xüsusi bir peşədir. Burada, sadəcə olaraq, gələcək jurnalistlərin peşəkarlığı, bacarığı testlə ölçülə bilməz. Ona görə hansısa formada, - əgər bu qabiliyyət imtahanı olarsa, - mən buna etiraz etmirəm. Baxın hansı formada bunu etmək mümkündür.
Seriallarla bağlı Aqil müəllim öz fikirlərini bildirdi ki, Azərbaycanda televiziya seriallarına dövlət öz dəstəyini verir. Doğrudan da belədir. Bilirsiniz, bunun səbəbi ondan ibarət idi ki, Azərbaycan telekanallarında daha çox xarici seriallar nümayiş etdirilirdi. Bir çox hallarda bu seriallar xarici ölkələrin həyat tərzini, məişət münasibətlərini əks etdirirdi. Seriallar, əslində, milli seriallar olmalıdır ki, Azərbaycan vətəndaşlarının maraqlarını təmin etsin. Ona görə qərar qəbul edildi ki, xarici seriallar müvəqqəti olaraq Azərbaycan televiziyalarından çıxarılsın. Belə olan halda məsələ qalxdı ki, bəs yerli serialları çəkmək üçün imkan yoxdur. Ona görə də biz belə qərar qəbul etdik. Bu gün görürəm ki, müəyyən çətinliklər olsa da, hər halda artıq yerli seriallar maraq doğurur və burada bir neçə məqsəd güdülür. İlk növbədə, biz öz mövzularımız ətrafında tamaşaçılara məlumat veririk. Eyni zamanda, serialların çəkilişi, xüsusilə dövlət vəsaiti hesabına olanda iş yerlərinin yaradılmasına gətirib çıxarır ki, bu da aktyorlar, rejissorlar, ssenari müəllifləri və bu işlərlə məşğul olanlar üçün əlavə qazanc mənbəyidir. Əlbəttə ki, Azərbaycanda bundan sonra da həm kino, həm də seriallar çəkiləcəkdir. Azərbaycan dövləti bu sahəyə öz dəstəyini bundan sonra da əsirgəməyəcəkdir.
Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu. Doğrudan da bu, bir qədər gözlənilməz oldu. Sözün düzü, mən bilmirdim ki, siz babam Əziz Əliyevlə təmasda olmusunuz. Bu, mənim üçün də çox maraqlı, əziz xatirələrdir. Doğrudan da 1950-ci illərdə babamla görüşmüsünüz.
Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki, 1970-ci illərdə siz Azərbaycan televiziyasında siyasi icmal verilişi aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi - "Politiçeskoye obozreniye". Onu Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.
Azərbaycan xalqı, xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur.
Ancaq biz yaxşı bilirik, siz də hamıdan yaxşı bilirsiniz, o vaxt ölkə ətrafında və hətta ölkə daxilində gedən proseslər imkan vermədi ki, bu müstəqillik qorunsun. Cəmi 2 ildən sonra müstəqillik əlimizdən alınmışdır. O vaxt bolşeviklərin böyük yalanlarından biri də məhz bu olmuşdur. Çünki biz yaxşı bilirik ki, bolşeviklər bir neçə əsas şüarla hakimiyyətə gəlmişdilər - torpaq kəndlilərə, fabriklər fəhlələrə, xalqlara müstəqillik, özgürlük, hürriyyət. Heç birini də etmədilər. Axırıncını da, müstəqilliyi də əlimizdən aldılar. Amma tarixi şans elə gətirdi ki, bu xoşbəxtlik Azərbaycana bir daha nəsib oldu. Olmaya da bilərdi. Çünki o vaxt Sovet İttifaqı, əlbəttə, ağır vəziyyətdə idi, amma çökməyə də bilərdi. O vaxt çökməsəydi, ola bilsin ki, bu gün də, necə deyərlər, ölkə hələ yaşaya bilərdi. Hər halda, belə ehtimal da olmuşdur. Ona görə də bu tarixi şans idi. Azərbaycanda xalq hərəkatı, müstəqillik uğrunda gedən mübarizə, digər bəzi postsovet ölkələrində gedən mübarizə, əlbəttə ki, Sovet İttifaqının süqutunu şərtləndirmişdir.
Bir daha demək istəyirəm ki, biz bu şansı əldən verə bilmərik. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində proseslər narahatedici idi. Bu gün isə bizim dövlət müstəqilliyimiz artıq sarsılmazdır. Müstəqillik mövzuları daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır. Müstəqilliyin üstünlükləri, - mən həmişə bu barədə danışıram, - nədən ibarətdir. Bu gün Azərbaycan heç vaxt tarixdə olmadığı kimi güclü bir ölkədir. Bugünkü Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim incəsənətimiz, idmanımız tarixdə ən yüksək səviyyəyə qalxmışdır. Bir neçə gün bundan əvvəl mən şahmat komandamızın nümayəndələrini qəbul etdim. Avropa çempionu olmuş Azərbaycan şahmat komandası yenə də Avropa çempionudur. Sovet dövründə bunu heç təsəvvür etmək mümkün deyildi. Bir-iki şahmatçımız var idi. Onlar da şahmat cədvəlində təqribən 10-cu, 15-ci yerlərdə idilər. Bax, budur müstəqilliyin üstünlükləri - müstəqil siyasət, güclü iqtisadiyyat, cəmiyyətdə hökm sürən ab-hava, milli həmrəylik. Bütün bunlar müstəqilliyimizin üstünlükləridir. Hesab edirəm ki, jurnalistlər də bu mövzular ətrafında bundan sonra da öz sözünü deyəcəklər.
Biz ahıl jurnalistlərin vəziyyəti ilə bağlı qaldırılan məsələyə də baxa, dövlət dəstəyini göstərə bilərik. Bu hansı formada ola bilər, onu siz müəyyən edin. Biz buna mütləq baxmalıyıq. Çünki Azərbaycanda, ümumiyyətlə, hər bir sahədə xidmət göstərmiş, böyük işlər görmüş veteranlara çox böyük diqqət göstərilir. Bu, belə də olmalıdır. Bu, bizim cəmiyyətimizin əsaslarını təşkil edir. Hər bir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin mənəvi dayaqları, sütunları vardır. Bunların içində yaşlı nəslə münasibət, hesab edirəm ki, ön plandadır. Heç də hər bir ölkədə belə deyildir. Azərbaycanda bu sahədə də tarixdən gələn meyillər, sifarişlər onu göstərir ki, bizim cəmiyyətimiz bu sahədə də nümunə ola bilər. Bir qədər bundan əvvəl mən yeni tikilmiş ahıllar evinə baş çəkdim, maraqlandım. Əlbəttə, orada şərait çox gözəl idi, beşulduzlu otelə bənzəyirdi. Ancaq maraqlandım və mənə məlumat verdilər ki, Azərbaycanda cəmi bir neçə belə ahıllar evi vardır. Nəyə görə, çünki buna ehtiyac yoxdur. Çünki bizdə böyüklərə, yaşlı insanlara hörmət həmişə cəmiyyətimizin dayağı olmuşdur. Bu gün də belədir və hər bir cəmiyyətin dayaqları möhkəm olmalıdır. Bizim milli adət-ənənələrimiz, milli bayramlarımız, böyüklərə olan hörmət, böyük-kiçik münasibətləri daim qorunmalıdır və qloballaşan dünyada buna daha da böyük diqqət verilməlidir. Çünki qloballaşma bir çox hallarda eyniləşmə prinsipi əsasında təsvir edilir. Buna yol vermək olmaz. Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir. Mən bu barədə də dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm və əminəm, siz hamınız bununla razılaşarsınız ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər və yaşlı nəslə olan hörmət, eyni zamanda, bu gözəl hissləri daha da gücləndirir.
Burada medianın problemləri ilə bağlı qaldırılan digər məsələlərə də toxunmaq istərdim. Satışla bağlı. Hesab edirəm ki, burada da, əlbəttə, ciddi düzəlişlərə ehtiyac vardır. Deyə bilərəm ki, Bakıya yeni köşklərin gətirilməsi təşəbbüsü də məndən gəlmişdir. Çünki şəhərimizin hər bir tərəfi gözəlləşir, abadlaşır və gördüm ki, köhnə, sınıq-salxaq köşklər bizim şəhərimizə yaraşmır. Ona görə dövlət hesabına yeni köşklər alınmış və fəaliyyətə başlamışdır. Amma ondan bir müddət sonra şəhərdə, şəhərin müxtəlif yerlərində olarkən görürdüm ki, bu köşklər bir növ kiçik bazarlara çevrilir, onun ətrafında meyvə-tərəvəz, ət məhsulları və s. satılır. Ciddi irad tutdum ki, bunu yığışdırın. Köşkün daxili o qədər rahat qurulub ki, orada qəzetlər, şokolad, əşyalar, hər şey satıla bilər. Amma biz köşkün ətrafını bazara çevirməməliyik.
Eyni zamanda, mən hər zaman orada qəzetlərin də asıldığını görürdüm. Əgər indi məsələ qaldırılır ki, orada qəzetlər satılmır, mən bu məsələni aydınlaşdıracağam. Əgər belədirsə, göstəriş veriləcəkdir ki, bu köşklərdə ilk növbədə qəzetlər satılsın, heç bir məhdudiyyət olmasın. Əli Həsənov bu barədə mənə məlumat verdi ki, bəzi hallarda qəzetlər asılır, ancaq məhdud sayda. Vətəndaşlar istədikləri qədər qəzet ala bilmirlər. Biz bu məsələni yoluna qoyacağıq. Burada heç bir məhdudiyyət ola bilməz. Qəzet satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və olmamalıdır.
Onu da qeyd etməliyəm, bəzi hallarda bizi bəzi beynəlxalq, xüsusilə qeyri-hökumət təşkilatları əsassız tənqid etməyə çalışırlar ki, Azərbaycanda mediaya qarşı siyasət düzgün deyildir, media boğulur, medianın problemləri vardır.
Mən həmişə cavab olaraq deyirəm ki, Azərbaycanda azad internet vardır və internet istifadəçilərinin sayı 70 faizdən yuxarıdır. Bu gün Azərbaycan dövləti hər bir şəhərə dövlət hesabına genişzolaqlı internet çəkir. Bu layihə dövlət tərəfindən icra ediləcəkdir. Əminəm ki, yaxın bir neçə il ərzində hər bir şəhərə genişzolaqlı internet çəkiləcəkdir. Eyni zamanda, indi kəndlərdə də internet vardır. Mənim göstərişimlə nazirlərin bölgələrə səfərləri əsnasında, o cümlədən əhalidən gələn təkliflər də təhlil edilir. Onların içində bir təklif də ondan ibarətdir ki, qəbula gələn bir kənd sakini demişdi ki, bizim kənddə internet pis, fasilələrlə işləyir, mən işləyə bilmirəm. Yəni dövlət bu işi öz üzərinə götürmüşdür.
Azad internet olan halda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir. Buna yol vermək olmaz. Bax, yəqin ki, indi məni eşidəcəklər. Əlavə göstərişlər də verəcəyəm ki, heç bir məhdudiyyət olmasın.
Medianın bəzi hallarda diqqəti mənfi məsələlərə cəlb etməsinə Rəşad da toxundu, mən də bu barədə demişəm. Doğrudan da bu, belədir. Bu, necə deyərlər, bir meyildir - Qərbdən gələn meyildir. İlk xəbərlər ancaq mənfi reaksiya doğura biləcək xəbərlərdir - ya zəlzələ, ya maşın qəzası, ondan sonra hansısa ölüm hadisəsi. Əlbəttə bu, insanların şüuruna da müsbət təsir etmir. Çünki cəmiyyətimizin üstünlüyü ondan ibarətdir və bunu Azərbaycana gələn qonaqların demək olar əksəriyyəti qeyd edir ki, cəmiyyətdə çox gözəl ab-hava vardır. Xarici qonaqları qəbul edərkən bir çox hallarda mənə deyirlər ki, əlbəttə, Bakının gözəlliyi, inkişafı onları təsirləndirir. Amma insanların üzündə olan təbəssüm, xoş əhval-ruhiyyə onları doğrudan da daha çox təəccübləndirir. Çünki biz bir çox şəhərlərdə başqa mənzərə ilə üzləşirik. Mən də xaricdə olarkən görürəm, siz də olursunuz, görürsünüz. Yəqin ki, bu, bizim cəmiyyətimizin üstünlüyüdür. Ola bilər ki, ölkədə gedən müsbət proseslər, insanların rifah halının yaxşılaşması, ümumiyyətlə, sabitlik, sakitlik, təhlükəsizlik - bütün bu amillərə biz, necə deyərlər, artıq vərdiş etmişik. Amma heç də hər yerdə belə deyildir. Ona görə cəmiyyətdə müsbət meyillərin inkişafı üçün mən demirəm ki, bütün xəbərlər ancaq xoş xəbərlər olsun. Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda, burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun. Hesab edirəm bu, Azərbaycanı bir çox ölkələrdən fərqləndirən amillərdən biridir ki, Azərbaycana gələn hər bir qonaq özünü çox rahat hiss edir.
Xalqımız çox qonaqpərvər, tolerant xalqdır. Eyni zamanda, Azərbaycanda ictimai asayiş qorunur, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Başqa ölkələrlə müqayisədə cinayətkarlıq çox aşağı səviyyədədir. Gün ərzində ölkə üzrə təxminən 30-40 cinayət baş verir, onların böyük əksəriyyəti məişət xarakteri daşıyır. Ona görə, əlbəttə ki, mən bu barədə hər hansı göstəriş vermək istəməzdim. Amma hesab edirəm ki, müsbət və necə deyərlər, digər xəbərlərin balansı gözlənilərsə pis olmaz.
Bizim görüşümüzün bazar gününə təsadüf etməsi də mənim üçün adi iş cədvəlidir. Mənim üçün bazar günləri də iş günüdür. Bu gün hələ bir görüşüm də olacaqdır. Dünən də olubdur. Elə olur ki, mən həftələr ərzində bazar günlərində də işləyirəm. Elə olur ki, istirahət üçün daha çox vaxt olur. Prezidentlərin işi belədir ki, heç bir cədvələ sığmır. Mən ötən bazar gününü Kiyevdə keçirmişəm, ondan sonra Avstriyada. Bakıda qonaqlar olub. Dünən, bu gün, sabah. Həyat davam edir. İş çoxdur. Əgər biz doğrudan da böyük nailiyyətlərə çatmaq istəyiriksə, gərək hamımız fəal işləyək. Əminəm ki, işin nəticələrini görəndə hər bir vətəndaş sevinir. O cümlədən görəndə ki, media cəmiyyətində də xoş əhval-ruhiyyə var, bu, məni doğrudan da çox sevindirir. Belə də olmalıdır.
Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.
Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz. Jurnalistlər üçün mənzillərin verilməsi bir daha bunu göstərdi. O tədbirdən gedəndən sonra mənə dedilər ki, açıq, şəffaf şəkildə püşkatma da oldu. Belə də olmalıdır.
Mən hesab edirəm ki, bizim belə görüşlərimiz böyük məna daşıyır. Biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, amma vaxtaşırı görüşürük. Əminəm ki, bundan sonra da belə görüşlərimiz olacaqdır. Ancaq burada bir problem ola bilər. Gələcəkdə, əgər bundan sonra da mən mediaya dəstəyimi verəcəyəmsə və bunu artıracağamsa, istisna edilmir ki, siz məni üçüncü dəfə "Jurnalistlərin dostu" seçəcəksiniz. Bir daha bu mükafata görə Sizə minnətdaram. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM