APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Günəşli” yatağının 10-cu stasionar özülündə baş vermiş qəzanın ətraf mühitə təsiri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə ümumilikdə 30 quyu var ki, onlardan 2-si işlək deyil, 21-i neft, 7-si isə qaz quyusudur.
M. Avazova qeyd edib ki, neft quyularına hazırda qaz verilmir: “Çünki qaz verilməklə oradan neft çıxarılır. Yanğının baş verdiyi quyularındakı qazın tərkibində 100-ə yaxın karbohidrogen maddə var. Karbohidrogen maddələr yanmaya məruz qalır”.
M. Avazova onu da qeyd edib ki, qəzanın dəniz mühitinə hər hansı mənfi təsiri yoxdur: “Hazırda Xəzər dənizinin faunasına da təhlükə yoxdur. Vizual müşahidələr aparılır, su nümunələri götürülür. Nümunələr analitik laboratoriyada yoxlanılacaq”.
Strategiya.az