“Anadolu” agentliyinin verdiyi məlumata görə, M.Çavuşoğlu bombardman nəticəsində 200-ə yaxın dinc suriyalının öldüyünü bildirərək bunu qətiyyətlə pislədiklərini bəyan edib: “Bu, insanlıq adına utandırıcı bir durumdur. Rusiya 30 sentyabrda Suriyaya müdaxilə etdikdən sonra əsasən mötədil müxalifləri hədəfə götürüb. Dinc yaşayış məntəqələri də bu hücumlardan payını alır. Rusiya Suriyaya İŞİD-lə mübarizə bəhanəsi ilə girib. İndiyədək həyata keçirdikləri 4 minə yaxın hava hücumunun 91 faizi müxaliflərə qarşı yönəlib. Bu hücumlar nəticəsində İŞİD daha da güclənib. Rusiyanın problemi İŞİD deyil. Rusiya Suriyanı yenidən Əsədə təhvil vermək xəyalpərəstliyi içindədir və bu məqsədinə çatmaq üçün müxaliflər və dinc sakinləri öldürür. Rusiyanın əməliyyatları nəticəsində 600-dən çox dinc suriyalı ölüb. Bəzi qurumlar bu rəqəmin 800 ətrafında olduğunu bildirir. Bunların 150-dən çoxunun uşaq olduğunu dünya bilməlidir”.
M.Çavuşoğlu qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı son qərarının mürəkkəbi qurumamış Rusiyanın mülki əhalini bombalaması ən yumşaq ifadə ilə qeyri-səmimilik və beynəlxalq birliyi nəzərə almamaqdır: “Rusiya mötədil müxalifləri və mülki əhalini hədəfə almaqdan dərhal vaz keçməlidir. Əks halda, Suriya ixtilafı illərlə davam edəcək, terror bitməyəcək. Rusiya artıq münaqişənin tərəfi halına gəlib və özünü Suriya xalqına qarşı qoyub. Suriya xalqı dözümlü xalqdır və bu zorakılığın öhdəsindən gələcək. Biz də bu haqlı mübarizələrində suriyalı qardaşlarımızın yanında olmağa davam edəcəyik” (APA).