Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur

21:18 / 26.11.2013

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü, 
«İki sahil» qəzetinin baş redaktoru, 
Əməkdar jurnalist

Dövlət başçısı İlham Əliyev «Jurnalistlərin dostu» mükafatının təqdim edilməsi mərasimində mətbuatın dünəninə və bu gününə və eyni zamanda gələcəyinə bir baxış keçirib, tövsiyələrini çatdırdı

Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib

Möhtərəm Prezidentimiz İlham Əliyevin «Jurnalistlərin dostu» mükafatının təqdim edilməsi mərasimində söylədiyi bu fikri xüsusi vurğulamaq istərdik. Dövlət başçısı bildirdi: «Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini «Jurnalistlərin dostu» adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur.» 
İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Daim vurğuladığımız kimi, bu günün reallıqlarına düzgün dəyər vermək üçün ötən illərə diqqət yetirməyə, obyektiv təhlil aparmağa böyük zərurət duyulur. 22 illik müstəqillik tarixinə malik olan ölkəmizin ilk illərdə yaşadığı durum yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığı hər addımda boğulur, jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. «Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir» söyləyən ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. 
«Mətbuat cəmiyyətin güzgüsüdür» çağırışı ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsil, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Humanist olduğu qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. Söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. «Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir» söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.
Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası» buna əyani sübutdur. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyada olunan bəzi əlavə və dəyişikliklərdə mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi. Həyata keçirilən tədbirlər əsası ulu öndər tərəfindən yaradılan təməl əsasında müəyyənləşdirilir, tətbiq olunur. 
Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Qeyd etidyimiz kimi, mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Cari ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında» növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir.
Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstəridiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında «Jurnalistlərin dostu» mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir.


XXI əsr informasiya mübarizəsi əsridir


Dövlət başçısı İlham Əliyev qeyd olunan mərasimdə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, XXI əsr informasiya mübarizəsi əsridir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, internetin mövcudluğu bu mübarizəni daha da kəskinləşdirir. İstər ölkə, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları ilə dolğun məlumatlandırılmasında təbii ki, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. 
İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Dağlıq Qarabağ probleminin əsil mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycanın bəzi dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin əsas tərkib hissələrindəndir. Bu gün mətbuat belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanan ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. 9 oktyabr prezident seçkilərini Azərbaycanda demokratik islahatların təntənəsi kimi dəyərləndirən Qərb və Avropa ölkələrinin müşahidə missiyaları bu fikri xüsusi qeyd etdilər ki, Azərbaycanın seçki təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır. Ölkəmizdə bütün azadlıqlar mövcuddur. İnsanlar öz seçim hüquqlarından sərbəst istifadə edərək seçki proseslərinə qatılır, istədikləri namizədə səs verirlər. Vətəndaşların sərbəst toplaşmaq azadlıqları yüksək səviyyədə təmin edilir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal şərait yaradılıb. Hər bir istiqamət üzrə konkret proqramların qəbulu inkişafı daha da sürətləndirir. Eyni zamanda cəmiyyətin idarə olunmasında əsas amil olan qanunlarımız mövcuddur. Qanunlara hörmətlə yanaşmaq siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qarşısına əsas tələb kimi qoyulur. Sadaladıqlarımız demokratiyanın vacib elementləri deyilmi? Dövlət başçısı İlham Əliyev mükafatın təqdim edilməsi mərasimində də Azərbaycanın ayrı-ayrı sahələr üzrə qazandığı uğurlara diqqəti yönəldərək bu fikri bildirdi ki, mətbuat bu reallıqları ictimaiyyətə çatdırmaqda böyük rola malikdir. Təbii ki, informasiya bolluğu təmin edilərsə, söhbət faktlara əsaslanan informasiyalardan gedir, bu halda istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət bəzi dairələrin apardığı yalan təbliğata uymaz, həqiqətlərin təbliğində fəal mövqe tutaraq, bu işə öz dəstəklərini göstərmiş olarlar.

«Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur»

Dövlət başçısı İlham Əliyev mərasimdə mətbuatın qarşısında dayanan vəzifələrdən bəhs edərək müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməsinin vacibiliyini bildirdi. Azərbaycanın gənc müstəqil dövlət olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, buna baxmayaraq, öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. «Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır» söyləyən möhtərəm Prezidentimiz onu du bildirdi ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Qeyd etdiyimiz kimi, Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır.
Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının bildirdiyi kimi, ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır.
Qeyd etdiyimiz kimi, bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi dövlətimizin siyasətinin əsasını təşkil edir. İqtisadi tərəqqi maliyyə imkanlarının genişlənməsi ilə müşaiyət olunur ki, bu da mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. Vətəndaş amilinin dövlət siyasətinin əsasında dayanması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Ali qanunumuzda əksini tapan «Dövlətin ali məqsədi» maddəsinə diqqət yetirdikdə də bu diqqət və qayğı özünü qabarıq şəkildə büruzə verir. İnsan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, demokratikləşmə prosesinin sürətləndirilməsinə yönələn davamlı tədbirlər və s. kimi biri-birindən əhəmiyyətli addımlar ölkənin hərtərəfli inkişafında başlıca məqsəd olduğunu açıqlayır. Ölkənin iqtisadi qüdrətinin artmasından irəli gələn bu kimi addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı, tərəqqisi dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, ən əsası hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs bu inkişafı özünün gündəlik həyatında hiss edir. Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.
İqtisadi tərəqqi, güclü sosial siyasət, xalq-iqtidar birliyi, beynəlxalq dəstək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmliyini, sarsılmazlığını təsdiqləyir. Bu uğura yol açan əsas amil isə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətidir. Azərbaycanın hər sahədə müstəqil siyasəti uğurlarımızın davamlılığını təmin edir. Bu gün əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycan dövlətinin dəyişməz mövqeyi müstəqil siyasətinə əsaslanır. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. 
22 illik müstəqillik tariximizdə keçilən yola nəzər salıb, düzgün təhlil aparmaq mətbuatın əsas vəzifələrindən biridir. Dövlət başçısı İlham Əliyevin mətbu orqanlara tövsiyələrindən biri də məhz müstəqilliklə bağlı mövzuların gündəlik işimizin olması idi.

Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir

Hər bir demokratik cəmiyyətdə müxalifətin olması mütləqdir. Amma hər zaman vurğuladığımız kimi söhbət sağlam müxalifətdən gedir. Müxalifətçilik dövlət maraqlarına, xalqın mənafeyinə zidd addımların atılması kimi qəbul olunmamalıdır. Dövlət başçısı İlham Əliyev çıxışında bu məsələyə də xüsusi diqqət yönəltdi: «Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir.» 
Təbii ki, daxili məsələlər ölkə xaricində müzakirə olunanda fərqli yanaşmaların, rəylərin yaranmasına səbəb olur. Əfsuslar olsun ki, daxildə belə qüvvələr mövcuddur və Azərbaycan haqqında əks təbliğat kampaniyası aparmağı bir növ özləri üçün fəaliyyət istiqaməti seçiblər. Azərbaycanın hər biri uğuruna qara eynəkdən baxmaq, atılan addımların mahiyyətini azaltmaq üçün müxtəlif yollara əl atmaq həmin ünsürlər üçün vərdişə çevrilib. Artıq ölkə ictimaiyyəti bu kimi halların daha çox hansı ərəfələrdə geniş vüsət almasından xəbərdardır. Təkcə ötən il ölkəmizdə keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində cərəyan edən prosesləri yada salmaq kifayətdir. Həmin qüvvələrin inhisarında olan mətbu orqanlar Azərbaycanın nüfuzuna xələl gətirmək istiqamətində təbliğat kampaniyalarının sürətini artırmaqla sanki öz aralarında yarış keçirdilər. Amma unutdular ki, dövlət maraqlarına zidd addımların atılması heç kəsə baş ucalığı gətirən deyil. Əksinə bu kimi addımları ilə özlərinə qarşı mənfi rəyi daha da artırır, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə isə əlavə fürsət verirlər. 
Bir məqamı unutmayaq ki, hansı sahədə çalışmağımızdan, siyasi əqidəmizdən, mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Vətəndaşlıq təəssübkeşliyini qorumalı, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq. Dövlət başçısı İlham Əliyev bu tövsiyəsini bildirdi ki, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, bu, cəmiyyətimiz üçün də yaxşı olar. 
Demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs öz fikrini azad ifadə etmək imkanına malikdir. Amma yaradılan demokratik şəraitdən sui-istifadə edib, dövlətin, xalqın mənafeyinə, milli maraqlarımıza zidd addımlar atmaq yolverilməzdir. Aparılan siyasətlə, ölkənin gələcək inkişafı ilə bağlı müxtəlif fikirlərin olmasını normal qəbul edən dövlət başçısı İlham Əliyev bir əsas məqamı unutmamağı da tövsiyə edir: «Ancaq bu məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.»
Dövlət başçısı İlham Əliyev çıxışında bu fikri dəfələrlə qeyd etdi ki, media nümayəndələri, iqtidar-müxalifət məsələləri öz aralarında həll etməlidirlər. Dövlətin mətbuata diqqət və qayğısında heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Jurnalistlər üçün mənzillərin bölünməsi bunun bir daha təsdiqi oldu.

Cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir

Mətbuat cəmiyyətin güzgüsü kimi dəyərləndirilirsə, demək problemlərlə bağlı da öz sözünü deməlidir. Amma yenə də qeyd etmək istərdim ki, yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Demokratiyanın vacib amillərindən biri kimi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə də günümüzün əsas reallıqlarındandır. Atılan addımlar öz müsbət nəticəsini verir. Dövlət başçısı İlham Əliyev çıxışında bu mövzularda araşdırmaların görülən işlərə dəstək olduğunu diqqətə çatdıraraq, bu inamı ifadə etdi ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaq: «Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik.»
Uğurlarımız gələcək barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyevin 22 illik müstəqilik tarixmizdə qazanılan uğurların fonunda təsdiqlədiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası bunun təsdiqidir. Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz təbii ki, atılan biri-birindən əhəmiyyətli addımlara əsaslanır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında olmaq istəyiriksə, şəffaflıq hər bir sahədə yüksək səviyyədə təmin olunmalıdır. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, həllini gözləyən məsələləri qabartmaqla onların çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. Bir məqamı da qeyd edək ki, bu gün mətbuat ikinci hakimiyyət kimi dəyərləndirilirsə, bu artıq media ictimaiyyətini üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməyə çağırır.


Məqsəd gələcək üçün açardır

Dövlət başçısı İlham Əliyev keçirilən hər bir tədbirdə ümumilikdə ölkənin, yaxud hansısa bir sahənin inkişafından geniş bəhs edərək, qarşıda dayanan vəzifələri açıqlayır, tövsiyələrini çatdırır. Daim vurğulayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.
«Jurnalistlərin dostu» mükafatının təqdim olunması mərasimində də Azərbaycan mətbuatının dünəninə, bu gününə, keçdiyi inkişaf yoluna bir daha diqqət yönəldən dövlət başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən də söz açdı. Çıxışlarda jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli kanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı səslənən təkliflərə müsbət yanaşdığını qeyd edən möhtərəm Prezidentimiz onların reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini bildirdi. Cənab İlham Əliyev cəmiyyətdə müsbət meyillərin daha da gücləndirilməsi, xoş əhval-ruhiyyənin təmin edilməsi üçün xəbər balansının qorunması ilə bağlı tövsiyələrini çatdırdı: «Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun.»
Reallıq budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev yekun nitqində bu fikri xüsusi qeyd etdi: «Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır- Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz.»

Strategiya.az



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM