Burun əməliyyatından ölümə...
Mürsəlov Namiq Məhəbbət oğlu burun əməliyyatı zamanı ölən Leyla Mürsəlovanın atasıdır. Xatırladırıq ki, 2015-cı ilin fevralın 20-də"Starmed" klinikasında lor həkimi və plastik cərrah Sənan Mehdiyev Leyla Mürsəlovanı qəbul edib. Həkim Sənan Mehdiyev burun çəpərində əyrilik olan Leyla Mürsəlovanın burnuna baxıb və bildirib ki, yüngül əməliyyatdır. Həkim Sənan Mehdiyev əməliyyatı edə biləcəyini dedikdən sonra, 2015-ci il martın 9-da Leyla Mürsəlova "Starmed" klinikasında analiz verib. Uzi, qan analizi, ürəyinin kardioqramması çıxarılan pasientə əməliyyata hazır olduğu bildirilib.
2015-c il mart ayının 16-da axşam saat 9-dan sonra həkim evə zəng vurub və 17 mart səhər saat 08:30-da qızlarının əməliyyat olacağını bildirib. Ailə 08:20-də "Starmed" klinikasında olur. Ailə klinikaya çatanda xəbər tutur ki, artıq səhər saat 6-da bir əməliyyat olub bitib, indi isə növbə Leyla Mürsəlovanındır.
Leylanın əməliyyat otağına girməsi valideynləri ilə son görüşü olur. Valideynləri onu bir də morqda görüblər...
Strategiya.az xəbər verir ki, baş verən hadisə ilə bağlı Leyla Mürsəlovanın atası Namiq Mürsəlov başlarına gələn faciəni Ölkə.Az-la bölüşüb:
- Əməliyyat saat neçədə başladı?
- Deyilən vaxtda Leylanı əməliyyat otağına apardılar. Saat 10-a qalmış əməliyyat başlayıb. Bu tipli əməliyyatların müddəti maksimum 1 saat, saat yarım çəkir. Saat 12-yə 10 dəqiqə işləmiş həkim aşağı düşdü ki, Leylanın təzyiqi düşüb 50-60-a. Biz ona adrenalin vururuq ki, təzyiqi qalxsın. Amma bildiyimiz kimi adrenalindən hər-halda təzyiq qaldırmaq üçün yox, ürək fəaliyyəti dayananda istifadə edirlər. Ölümü bizdən hardasa 3-4 saat gizlədiblər. Saat 15:30-də bizə xəbər verdilər ki, uşağınız ölüb..
Namiq Mürsəlov kədərli halda, gözləri dolaraq bir qədər susur və sonradan sözlərinə davam edir:
- Həkim Leylanın təzyiqinin aşağı olduğunu deməzdən əvvəl anestezioloq da aşağı düşmüşdü. O, kimisə qarşılayırdı. Biz ondan dəhlizdə soruşduq ki, əməliyyat qurtarıb? Anestezioloq bildirdi ki, əməliyyat qurtarmayıb. Burada bir sual ortaya çıxır ki, 10:30-da, əməliyyatın getdiyi bir vaxtda anestezioloq dəhlizdə nə gəzir? Anestezioloq əməliyyat zamanı xəstənin yanında olub onun vəziyyətinə baxmalıdır. 08:30-da başlayan əməliyyatdan sonra anestezioloq 15:30-da çıxıb bizə dedi ki, Leyla əməliyyat zamanı öldü. O halda biz nə vəziyyətə, nə hala düşdük təsəvvür edin. Sağlam uşaq necə ölə bilər?
- Ölümün səbəbini nə ilə əlaqələndirdilər?
- Səhiyyə Nazirliyinin baş anestezoloqu bildirdi ki, ölümün səbəbi narkozun çox verilməsidir. Ölüm hadisəsindən sonra cinayət işi açıldı. Sənan Mehdiyev və anestezioloq ifadələrində bildiriblər ki, əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın vəziyyəti dəyişib və əməliyyatda olan həkimlər başlayıb reanimasyon tədbirlər görməyə. Halbuki sonradan məlum olub ki, "Starmed"də reanimasiya otağı da olmayıb.
Əməliyyat zamanı xəstənin vəziyyəti dəyişdiyi zaman "Starmed"də vəziyyətə müdaxilə edə biləcək həkimlər olmadığı üçün uşağı ağır vəziyyətdən çıxarmaq üçün yaxınlıqdakı klinikalardan və xəstəxanalardan reanimasiya briqadası çağırılıb. İstintaq zamanı əməliyyat və klinika haqda çox şeylər üzə çıxdı.
- Nələr?
- Əməliyyat otağını çəkən kamera nədənsə yoxa çıxdı. Məlum oldu ki, videogörüntü ancaq martın 3-ə qədərdir. İstintaq zamanı müəyyən olub ki, analiz götürülən zaman kardioqrammanı həkimlər özləri çıxarıblar. "Starmed" klinikasında əslinə qalsa kardioloq olmayıb. Əməliyyatdan öncə ağ ciyərlərin rengeneskopiyasını etməli idilər, o da olunmayıb. Sadəcə xəstəyə qazanc yeri kimi baxıblar. İstintaqın gedişində məlum olub ki, həkim Sənan Mehdiyev əməliyyatın gedişi zamanı telefonla danışıqlar aparıb. 30, 40, 50 saniya, bir dəqiqədən çox. Əməliyyat zamanı mobil telefonla danışmaq nə deməkdir? Adi yol hərəkəti zamanı sürücünün telefonla danışmağına görə cərimə müəyyən edilib. Əməliyyat zamanı həkimin telefonla danışması nə deməkdir?
- Həkimlər ifadələrində nə yazıblar?
- İfadələrində bildiriblər ki, əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın qızdırması 41-42 dərəcə olub. Sənan Mehdiyev anestezioloqla məsləhətləşib və qərar veriblər ki, 41-42 dərəcə xəstənin əməliyyatı davam etməsi üçün təhlükəli deyil. Uşağın qızdırması qalxan zaman əməliyyatı saxlayıb həkim çağırsaydılar, indi Leyla bəlkə də sağ idi. Sonda ifadələrində bildiriblər ki, Leylada guya bədxassəli hipertermiya olub. Bədxassəli hipertermiya irsi keçən bir xəstəlikdir. Bizim nəsildə, kökdə isə belə bir şey olmayıb. Leyla özü 2 dəfə əməliyyat olunub, biri uşaq vaxtı appendisitdən (kor bağırsaq), 2013-cü ildə isə "Bakı Medical plaza"da qlanda və burnundakı artıq ətdən, özü də ümumi narkozla. Ölümü 3 saat yarım gizlətməyin səbəbi o olub ki, həkimlər çox yerlərə zəng edib məsləhətləşib, qərara alıblar ki, ölümə hansı ad qoyub məsuliyyətdən yayınsınlar. Bədxassəli hipertermiyanın bir dərmanı var, o da dantirolindir. Həmin dərman isə Azərbaycanda yoxdur. Leyla əgər bədxassəli hipertermiya xəstəsi idisə, 2 cür dərman var, hansı ki, anesteziya zamanı xəstəni qıcıqlandıra bilər, onun biri ditilindir, digəri isə subxotilin. Əməliyyat zamanı isə həmin dərmanlardan istifadə edilməyib. Həkimlərlə danışmışam, araşdırma etmişik, haradan çıxır bədxassəli hipertermiya? Həkimlər Məsuliyyətdən yayınmaq üçün bu xəstəliyi öz ifadələrində göstəriblər, əgər deyilsə ki niyə müdaxilə edilməyib? Cavabları da çox sadə olacaq, həmin dərman Azərbaycanda yoxdur.
Həkimlərin ifadələrinə söykənərək Azərbaycan Respublikası Məhkəmə tibb ekspertizası və anatomiya və patologiya birliyi də uşağımda bədxassəli hipertermiyanın olduğunu deyir. Azərbaycan Respubilkası Məhkəmə tibb ekspertizası və anatomiya, patologiya birliyi qızımın ölümü ilə əlaqədar 3 rəy verib, 3-ü də bir-birinə uyğun gəlmir. Götürdükləri analizlərin də bədxassəli hipertermiyaya aidiyyatı yoxdur. Azərbaycan Respublikası Məhkəmə tibb ekspertizası və anatomiya və patologiya birliyinin sədri Şakir Musayevdir. Onunla dəfələrlə görüşmüşəm. O, bildirdi ki, həkimlər də cəzalandırılacaq, anestezioloq da cəzalandırılacaq və düzgün rəy veriləcək. Şakir Musayevə sual verdim ki, bədxassəli hipertermiyanı nə səbəbə rəyə yazıblar? Dedi ki, həkimlərin verdiyi ifadəyə görə. Belə yerdə sual çıxır. Əgər həkimlərin ifadəsinə görə Azərbaycan Respublikası Məhkəmə tibb ekspertizası və anatomiya və patologiya birliyi rəy yazırsa, onda adını oxuyub bitirənə kimi adamın nəfəsi kəsilən birlik nəyə, niyə, kimə lazımdır?
- Qızınızın meyidi morqa aparıldı, orada ölüm səbəbi nə göstərildi?
- Əslinə qalsa meyid morqa gedəndə protokol açılır və isti-isti ölümün səbəbini yazırlar. Ancaq bunlar orada onu yazmadılar. Aradan bir xeyli zaman keçəndən sonra həkim və anestezioloqun ifadəsindən sonra eyni şeyi yazdılar.
- Təkrar ekspertiza üçün müraciət etmisiniz?
- Prezident Aparatına, Səhiyyə Nazirliyinə yazmışam. Səhiyyə Nazirliyindən bir dəfə də olsun məni qəbul edib deməyiblər ki, nə baş verib, niyə yazmısınız? Baş prokuror Zakir Qaralov məni qəbul etdi, olanları dinlədi. Ona bildirdim ki, sağlam uşağı gətirib həkimlərə vermişəm, meyidini almışam. Baş prokuror Zakir Qaralov yenidən, müstəqil həkim ekspertizası təyin edilməsi barədə qərar verdi.
İstintaq zamanı məlum olub ki, tibb bacısı 38 dərəcə qızdırma ilə əməliyyata gəlib. Bunu həkim görə-görə, bilə-bilə nə səbəbə tibb bacısını əməliyyata buraxıb? Yaxud planlaşdırılmış əməliyyatı saxlayıb başqa günə niyə keçirməyib? Əməliyyat tibb bacısı Lətafət Novruzova öz ifadəsində bildirib ki, "Mən 38 dərəcə qızdırma ilə əməliyyata gəlmişdim. Halım yox idi. Hətta əməliyyat zamanı halım pis olduğu üçün əməliyyat otağından çıxıb özümə iynə vurmuşam". İndi baxın, bu cür hadisə olub, həkim isə buna göz yumub.
- Zakir Qaralovun verdiyi qərar nə zaman baş tutacaq?
- Artıq Zakir Qaralovun verdiyi qərar göndərilib Səhiyyə Nazirliyinə.
- Onda yəqin qəbir açılacaq?
- Yox. İstintaq materiallarına və keçirilən analizlərə əsasən ekspertiza aparılacaq.
- Əməliyyata qədər uşaqda hər hansısa bir narahatçılıq olub?
- Xeyr, heç bir narahatçılığı olmayıb.
- Neçə uşağınız var?
- 2 uşağım var idi. Biri rəhmətlik, bir də 15 yaşında oğlum var. Bizim üçün çox çətindir. 10 aydır bu proses gedir.
- Sənan Mehdiyev indi nə ilə məşğuldur?
- Sənan Mehdiyev heç bir məsuliyyətə cəlb olunmayıb. Yenə öz işindədir. Əvvəl başqa bir klinikada, indi isə "Avrasiya" klinikasında öz işi ilə məşğuldur.
- "Starmed" klinikası hal-hazırda işləyir?
- "Starmed" kilinikasını qızımın ölümündən sonra bağlayıblar. Bu məsələni araşdıran zaman məlum olub ki, klinikada vergidən yayınma, klinikada ştatla lazım olan həkimlər olmayıb, reanimasiya otağı da olmayıb.
- Anestezioloqun adı, soyadı nədir?
- Emin Quluzadə.
- O da yenə öz işi ilə məşğuldur?
- Onunla bağlı heç bir məlumatım yoxdur. Ancaq Sənan Mehdiyev yenə də öz işi ilə məşğuldur.
Namiq Mürsəlov sonda bildirdi ki, Azərbaycan Respublikası Məhkəmə tibb ekspertizası və anatomiya və patologiya birliyi həkim və anestezioloqu ələ verməmək üçün öz çirkin əməllərini davam etdirir. Haqq-ədalət öz yerini tapmayana qədər sakitləşməyəcəm. Qızımın ölümündə günahkar olanlar mütləq cəzalanmalıdır. Uşaq böyüt, 18 yaşa çatsın və hazırda adi bir əməliyyat sayılan burun əməliyyatından sağ çıxmasın. Ölümə səbəb olan həkim isə heç nə olmamış kimi yenə öz işinə davam etsin.