Əvvəlcə binanın qarşısında gur etiraz edən kütlənin içindən yandırıcı butılkalar atılıb. Daha sonra etirazçılardan bəziləri səfirliyin binasına daxil olub, binanın damına çıxıb. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməli olub.
İSNA agentliyi xəbər verir ki, Səudiyyənin Məşhəddəki konsulluğuna da hücum edilib. Orada da binaya od vurulub.
Dünya telekanalları səfirilyin yanan binasının görüntülərini yayıb.
Binaların söndürüldüyü və iğtişaşçılar arasında həbslərin aparıldığı xəbər verilib.
Regionu qarışdıran edam
Səudiyyə Ərəbistanında tanınmış ruhani xadim Şeyx Nimr al-Nimrin edam edilməsi bütün region boyunca şiə müsəlmanların hiddətinə səbəb olub.
İran Səudiyyədəki edamla bağlı kəskin nota verib. İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, “Səudiyyənin bu hərəkəti ona baha başa gələcək”. Səudiyyənin Tehrandakı səfiri notanın verilməsi üçün XİN-ə çağırılıb.
İranın ali dini rəhbəri ayətullah Xameneyinin internet saytında Nimirin edamı İŞİD-in edamlarına bənzədilib.
Səudiyyənin özündə də etiraz aksiyaları olub. Şərq əyalətinin Qatif məntəqəsində kütləvi aksiyaların qadağanına baxmayaraq şiələr “Məhv olsun Səud ailəsi” şüarları ilə yürüşə çıxıblar.
Qonçu Bəhreyndə və başqa ərəb ölkələrində hiddətli etiraz aksiyaları keçirilib. Livanın Şiə Şurası edamı “dəhşətli səhv” adlandırıb, Livan Hizbullahı isə onu “sui-qəsd” kimi qiymətləndirdiyini bəyan edib. İraqda məşhur şiə ruhani lideri Müqtəda al-Sədr bütün şiələri “dinc etirazlara” çağırıb.
Son məlumatlara görə Londondakı Səudiyyə səfirliyinin qarşısına da etirazçılar toplaşıb.
Şeyx Nimr kimdir?
Şeyx Nimr 2011-ci ildə kütləvi etirazlara çağırması ilə məşhurlaşmışdı. O, sünni Səudiyyədə şiə azlığının qorxmaz müdafiəçisi sayılırdı.
50 yaşlarında olan ruhani Səudiyyə Ərəbistanı kral ailəsinin ən sərt tənqidçisi idi. Son on il ərzində o dəfələrlə həbs olunmuş, gizli polis tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını iddia etmişdi.
2012-ci ildə yaralı vəziyyətdə həbs ediləndə, bütün Şərq əyaləti boyunca zorakı aksiyalar keçirilmiş, iğtişaşlarda üç nəfər həlak olmuşdu.
Şeyx Nimrlə birlikdə 47 nəfər edam edilib. Onlar yanvarın 2-də 12 məntəqədə eyni vaxtda, güllələmə və boyunlarının vurulması ilə edam edilib. Edam edilənlərdən 45-i səudiyyəli, biri misirli, biri isə çadlı idi. Onlardan şiə olan 4 nəfəri polis zabitinin öldürülməsində ittiham edilirdi.
Səudiyyə hökuməti edam edilənlərdən 43-nün sünni cihadçılar olduğunu bəyan edib.
Beynəlxalq insan haqları təşkilatları bu edamları “dəhşətli” adlandırıblar. Onlar bildirirlər ki, edamlardan ən azı 4-nün motivi siyasi olub.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Federika Moqerini və ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi artıq bəyan ediblər ki, Əl-Nimrin edamı Yaxın Şərqdə süni və şiələr arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.
ABŞ Dövlət Departamenti Səudiyyəni insan haqlarına hörmət etməyə çağırıb. “Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanını narazıların dinc özünüifadəsinə və qətllərdən sonrakı gərginliyi azaltmaq üçün bütün icma liderləri ilə işləməyə çağırır”, – deyə Dövıət Departamenti bildirir.//Azadliq.info