Jurnalda qeyd olunub ki, magistraturaya sənəd qəbulu 2016-cı ilin fevral ayında aparılacaq: “Qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsinin 2016‑cı ilin mart ayında, ikinci mərhələsinin isə may ayında keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm çoxseçimli, həm də açıq formalı test tapşırıqları daxil ediləcək. Bunlara aid nümunələr “Magistr” xüsusi buraxılışının 2-ci sayında veriləcək”.
Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri TQDK tərəfindən müəyyənləşdirilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar: “Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri çoxseçimli və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi vasitəsilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək”.
“Magistr” jurnalının 1-ci sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir: “Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə model testlər, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq”.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Strategiya.az