Strategiya.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 14-də saat 05 radələrində Masallı rayonunun Sərçuvar kəndində yerləşən “Sərçuvar Petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Rafiq Qafarovu və Nağı Həsənovu hədələyib tüfəngdən havaya atəş açaraq pul vermələrini tələb edib, istədiyinə nail ola bilmədiyindən hadisə yerini tərk edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Cəlal Cəlalzadə tutulub, hadisəni törədərkən istifadə etdiyi “İJ -58” markalı tüfəng götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 12-də “Sərçuvar Petrol”, dekabrın 22-də Cəlilabad rayonundakı “Alpetrol”, bu il yanvarın 4-də Camaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqələrindən, habelə ötən il dekabr ayının 29-da Təzə Alvadı kəndində Mürvət Əhədova məxsus yanacaqdoldurma məntəqəsindən quldurluq yolu ilə 470 manat pul, dekabr ayının 6-da Cəlilabad rayonunun Muğan kəndində “Smirs” yanacaq doldurma məntəqəsində oranın işçisi Orxan Bədəlova tüfəngdən açdığı atəşlə xəsarət yetirib 2630 manat pul aparması da müəyyən edilib.
Masallı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.