Qurumun mətbuat xidmətindən Strategiya.az verilən məlumata görə, Azərbaycan Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə əsasında prokurorluq işçilərinin 58 faizini təşkil edən 656 gənc hüquqşünas işə qəbul edilib. Həmin tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətlərini və 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil təqdim etməlidirlər. Sənədlər 1 fevral 2016-cı il tarixdən etibarən Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan saat 17:30-dək qəbul olunacaq.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:
İkili vətəndaşlığı olan şəxslər;
Digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
Din xadimləri;
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
Alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
Əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
Əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaq. Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-06-82, 492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.