Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş. Onun ev sahibləri ilə arasında pul üstündə bir neçə dəfə münaqişəsi də yaranıb. Hadisənin də həmin zəmində törədildiyi ehtimal olunur.
Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi. (APA)
Strategiya.az