Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Strategiya.az-a verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-5 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 10-15, dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 11-16 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 1-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 2-7, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.