APA-nın məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, dünyada böhran yaşandığı indiki vəziyyətdə neft hasil edən ölkələr müəyyən çətinliklərlə üzləşiblər: “Yenə də xarici mətbuatı izləyərkən görürəm ki, anti-Azərbaycan qüvvələr necə də sevinirlər və uydurmalar yayırlar. Əfsuslar olsun ki, mötəbər mətbu orqanlar da bu yalan kampaniyasına qoşulmuşlar. Xüsusilə, bu yaxınlarda “Financial Times” qəzeti iki, ya üç məqalə dərc etmişdi. Tamamilə cəfəng mövzuda olan yazılar ki, guya Azərbaycan beynəlxalq maliyyə qurumlarından yardım istəmişdir. Birincisi, bu, yalandır. Biz heç kimdən yardım istəməmişik. Buna ehtiyac yoxdur. Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir – istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun”.
Prezident İlham Əliyevin sözlərinə görə, indi bir mövzunu da xarici mətbuat xüsusilə gündən-günə qabardır ki, Azərbaycanda kütləvi etirazlar baş veribdir: “Sual olunur - bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər? Bir gün. Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Bir dənə də olsun xarici mətbu orqan bunu işıqlandırmamışdı. Ondan sonra Ermənistanda “Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər. Bir dənə də olsun Qərb mətbuatında bu barədə heç bir məlumat getməmişdi. Yəni, bunu görmürsünüzmü? Bu, nəyi göstərir? Yenə də bizə qarşı qərəzli mövqeyi”.
Dövlət başçısı bildirib ki, Azərbaycan inamla inkişaf edir: “Bizim iqtisadi inkişafımız son illər ərzində dünya miqyasında ən sürətli idi. Görüləcək işlər və aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq”.
Strategiya.az