Bu inzibati reqlamentdə nəzərdə tutulan elektron xidmət orta təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə test və qabiliyyət imtahanına buraxılış (qeydiyyat) vərəqələrinin internet vasitəsilə onlayn rejimdə verilməsi üçün nəzərdə tutulub.
Dəyişiklik namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesində şifrin (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) ləğvi ilə bağlıdır.
İndiyə qədər namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, şifri (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edib. Dəyişikliyə əsasən bundan sonra namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, soyadı, adı, atasının adı və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edəcək.
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma formasından da şifr çıxarılıb. /APA