Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin müzakirəsi öncəsi həmsədrlərin etiraz bəyanatı verməsi, bununla da, digər beynəlxalq təşkilatların işinə müdaxilə etməsi ilə bağlı APA-nın sorğusuna cavabında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyində sülh yolu ilə həll prosesinə sadiqdir: “Minsk qrupu bu danışıqlar üçün yeganə qəbul olunmuş format olaraq qalır”.
Xatırladaq ki, AŞPA-da müzakirə olunan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ətraf rayonlarında zorakılıq hallarının artması” adlı qətnamə öncəsi ATƏT-in Minsk qrupu həmsədrləri etiraz bəyanatı ilə çıxış ediblər.
Bir neçə gün öncə isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovbu məsələ ilə bağlı hər 3 həmsədr ölkəyə etiraz məktubu göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, həmsədrlərin Strasburqa ünvanladığı məktub çox gülüncdür: “Dağlıq Qarabağla bağlı hansı məsələni qaldırmaq istəyiriksə, bu bizim öz işimizdir. Buna müdaxilə edə, Avropa deputatlarına təzyiq göstərə bilməzlər. Bu məntiqsizlikdir”.
Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.
Strategiya.az