“Hesab edirəm ki, beynəlxalq iqtisadiyyatdakı situasiyadan və geosiyasi proseslərin inkişafından irəli gələrək təkcə qazın ucuzlaşdırılması zərurəti yaranmır, eyni zamanda, bunun üçün imkan da meydana çıxır”, - baş nazir deyib. Bununla belə, Ovik Abramyan Rusiyanın qazı nə qədər ucuzlaşdırmalı olduğunu deməyib.
Bundan əvvəl erməni sahibkarlar baş nazirə müraciət edərək Rusiyanın qazı ucuzlaşdırması üçün müraciət etməyə çağırmışdılar. Habelə erməni sahibkarlar “Qazprom”la hesablaşmanın milli valyuta ilə aparılmasını istəyirdilər.
Hazırda “Qazprom” Ermənistana qazın min kubmetrini 165 dollardan satır. Rusiya şirkəti Gürcüstanla Ermənistana qaz tranzitinin artırılmasına, habelə Tiflisin özünə qaz satışına dair danışıqlar aparmaqdadır. “Kommersant” qəzeti bildirir ki, qaz həcmini artırmaq Rusiya şirkətinin özünə lazımdır. Çünki Ermənistandakı Razdan İES-i qazla təmin etməlidir. Bu İES Rusiyanın mülkiyyətindədir.
Razdan İES Rusiyanın mülkiyyətindədir
İndi göründüyü kimi, Ermənistan baş naziri Rusiyanı “geosiyasi vəziyyətin dəyişməsi” ilə güzəştə razı salmağa çalışır. Geosiyasi vəziyyətin dəyişməsi dediksə isə heç şübhəsiz İrana qarşı sanksiyaların ləğvi nəzərdə tutulur. Beynəlxalq sanksiyaların ləğvindən sonra İran Gürcüstana qaz nəqlinə dair danışıqlar aparır, habelə Ermənistan üzərindən üçüncü ölkələrə qaz ötürülməsi ideyası var. Ermənistan baş naziri eyham vurur ki, Rusiya qiyməti aşağı salmasa onun ölkəsi İrandan qaz təchizatını artırmaq barədə fikirləşə bilər. Lakin bu necə mümkün olacaq? Bir halda ki, İrandan Ermənistana qaz nəql edən yeganə kəmər “Qazprom-Armeniya” şirkətinin mülkiyyətindədir...
Strategiya.az