Bu barədə TStrategiya.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Belə ki, fevralın 10-da saat 21-30-da rayon sakini, 1956-cı il təvəllüdlü Kamilə Əhmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin Ağcəbədi şəhər sakinləri, 1983-cü il təvəllüdlü Cəlal Mənsimov və 1985-ci il təvəllüdlü Samir İsayev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 14-də tutularaq istintaqa cəlb olunublar.
İstintaqla müəyyən edilib ki, fevralın 10-da C.Mənsimov S.İsayevlə qabaqcadan əlbir olaraq tamah məqsədilə K.Əhmədovanın yaşadığı evə daxil olmaqla bıçaq və ütü ilə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra mənzidə qızıl və digər qiymətli əşyaların axtarışı nəticəsiz qaldığından onlar hadisə yerini tərk ediblər.
İstintaq zamanı üzərində qanabənzər ləkələr olan bir ədəd mətbəx bıçağı hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.