Bu barədə Strategiya.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tiflis şəhərində keçirilən beşinci üçtərəfli görüşündə iştirak edən nazir E.Məmmədyarov Gürcüstanın xarici işlər naziri M.Janelidze ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin mehriban qonşuluq və strateji tərəfdaşlıq zəminində inkişafından məmnunluq ifadə olunub.
Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə ediblər.
Görüşdə həmçinin, Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyətindən razılıq qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.