Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Biz, eyni zamanda, Xocalı soyqırımına iki fərqli yanaşmanın və münasibətin şahidləriyik. Bu barədə söhbətə keçməzdən əvvəl Azərbaycan tarixinin 24 il əvvəl yaşanmış qanlı səhifəsinə bir daha nəzər yetirməyi lazım bilirik.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edildi. Dinc əhaliyə amansızlıqla divan tutuldu: 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib.
Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərindən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqla əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Ermənilərin diqqətini Xocalıya cəlb edən digər bir səbəb də vardı: Qarabağda yeganə hava limanı məhz burada yerləşirdi.
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub. Sonradan Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsində təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.
Ermənilərin törətdikləri bu qanlı hadisədən illər ötsə də, hələ də bu faciənin dəhşətləri unudulmur. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.
Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq nümunəsidir. Təsadüfi deyil ki, Ermənistanın hazırkı prezidenti, Xocalı soyqırımının bilavasitə iştirakçısı olan Serj Sarkisyan bu qətliamla bağlı sonralar demişdi: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu stereotipə son qoyduq. Baş verən hadisə də bu idi”.
Göründüyü kimi, Ermənistanda hakimiyyətdə olan şəxslər bu bəşəri cinayətdə iştiraklarını bilavasitə etiraf edirlər. Lakin xalqımız Xocalı kədərini yaşadığı bir vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Yüksək vəzifəli şəxslər XX əsrin ən müdhiş soyqırımlarından biri olan bu cinayətin miqyasını ört-basdır etməyə çalışır, hətta xalqa doğru-dürüst məlumat verməkdən çəkinirdilər. Bu hadisədən bir müddət sonra hakimiyyətə gələn AXC-Müsavat iqtidarı da susmağa üstünlük verdi. “Washington Post”, “The Washington Times”, “The NewYork Times”, “The Boston Globe”, “The Independent”, “The Sunday Times”, “The Times”, “The Age” (Melburn), “BBC”, “Newsweek”, “İTAR-TASS”, “Svoboda” kimi aparıcı media qurumlarında faciənin dəhşətlərinin əks olunmasına baxmayaraq, yaranmış bu imkandan da lazımınca istifadə edilmədi.
Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Qəbul edilmiş qərara əsasən, Azərbaycan və bəşər tarixinin qanlı səhifələrindən biri olan bu hadisələr hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla anır.
Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda xalqımıza qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətləri, o cümlədən Xocalı soyqırımı ümumiləşdirilərək bəyan edilir ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Bununla da erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətin yeni mərhələsi başladı. Bu siyasətin son məqsədi tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətinin təşkilatçılarını və iştirakçılarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.
Hər il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı ilə əlaqədar xalqa müraciət edir. Prezident soyqırımın 20 illiyi ilə əlaqədar müraciətində bir daha əminliklə bəyan edib ki, dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaq.
Faciənin 20-ci ildönümü ilə əlaqədar Bakıda on minlərlə insanın iştirakı ilə keçirilən ümumxalq yürüşü və dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlərin təşkili artıq bu soyqırımının dünyada tanıdılması istiqamətində işlərin dövlət səviyyəsində mükəmməl təşkil olunaraq uğurla həyata keçirilməsindən xəbər verirdi.
Azərbaycanın yeritdiyi məqsədyönlü siyasət nəticəsində artıq dünya birliyi Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı barəsində tam məlumatlıdır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlətimizin başçısının gərgin fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban xanım Əliyevanın da əməyi qeyd olunmalıdır. Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçirilib, Avropa Parlamentinin binasında anım mərasimi təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın da Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında böyük rolu olub. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası – Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir. Həmin kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Hər il müxtəlif ölkələrdə təşkil olunan mitinqlər, yürüşlər və digər tədbirlər nəticəsində dünyada erməni qəsbkarlarının insanlığa sığmayan cinayətləri haqqında getdikcə daha dolğun təsəvvür formalaşdırılır, Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən xəbərdar olan tərəqqipərvər ictimaiyyət qətliamı kəskin şəkildə pisləyir.
Bu siyasətin məntiqi nəticəsi olaraq, beynəlxalq hüquq və sağlam düşüncə üstün gəlməkdədir. Artıq dünyanın bir sıra dövlətləri, o cümlədən ABŞ-ın ştatları Xocalı qətliamını soyqırımı kimi tanımağa başlayıblar. Prosesə xronoloji ardıcıllıqla nəzər salsaq, bu məsələdə Azərbaycanla həmrəy olanların sayında dinamik artım olduğunu görərik.
2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyasında “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi qətnaməyə xüsusi bənd əlavə edilib. Xocalı faciəsinə həsr olunan paraqrafda Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırıb və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.
2012-ci il fevralın 2-də Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində baş vermiş faciə soyqırımı adlandırılıb. Həmin il Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul edib. Aprelin 24-də isə Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb.
2013-cü il fevralın 19-da Çexiya, fevralın 26-da isə Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb. Həmin il iyunun 14-də Peru parlamentində Xocalı hadisələrinə dair məsələ deputatlar tərəfindən müzakirəyə çıxarılıb və qətliamın soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunub.
2014-cü il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını tanıyan qərar qəbul edib. Sentyabrın 1-də isə Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Xocalı qətliamının soyqırımı kimi tanınması istiqamətində ABŞ-da da ardıcıl tədbirlər həyata keçirilir, bu faciəyə beynəlxalq hüquq müstəvisində qiymət verilir. Belə ki, 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası, 2011-ci ildə Texas və Nyu-Cersi, 2012-ci il fevralın 28-də Corciya, martın 23-də Men ştatları Xocalı soyqırımını rəsmən tanıyıb. 2013-cü ildə Xocalı soyqırımını tanıyan ştatlar sırasında Nyu-Meksiko (28 yanvar), Arkanzas (8 fevral), Missisipi (25 fevral), Oklahoma (4 mart), Tennessi (18 mart), Pensilvaniya (18 mart), Qərbi Virciniya (3 aprel), Konnektikut (3 aprel), Florida (21 avqust), 2014-cü ildə isə (4 mart) İndiana ştatları yer alıb.
Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində 2015-ci ildə də fəal iş aparılıb, ayrı-ayrı ölkələrdə çoxsaylı tədbirlər keçirilib. Bunun nəticəsi olaraq Qvatemala Konqresinin ötən ilin oktyabrında qəbul etdiyi qətnamədə 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktının törədilməsi pislənilib.
Ötən il fevralın 25-də ABŞ-ın Arizona ştatı Senatı Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Qətnamədə vurğulanır ki, erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insan yaralanıb və 1200-dən artıq insan əsir götürülüb. Arizona ştatının Senatı tərəfindən qəbul edilən sənəddə 2015-ci il 26 fevral tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.
Fevralın 26-da başda ABŞ-ın Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvü Heri Ridşou olmaqla, ştatın 16 nümayəndəsinin həmmüəllifliyi ilə hazırlanmış qətnamədə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət pislənilib və erməni silahlı birləşmələri tərəfindən yerli əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi vurğulanıb. Qətnamə ilk oxunuşda mütləq səs çoxluğu ilə (198/0) ilə qəbul olunub, spiker və sənədin əsas müəllifi konqresmen Heri Ridşou tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib.
ABŞ-ın Corciya ştatının qubernatoru Natan Dilin Xocalı soyqırımının ildönümü ilə bağlı imzaladığı bəyanatda qeyd olunub ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib.
Martın 2-də Yuta ştatının qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı rəsmi sənəd imzalanıb. Mayın 21-də isə ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib.
Fevralın 25-də Latviya Seyminin qəbul etdiyi bəyanatda Xocalı faciəsinin Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi yazıldığı qeyd olunub. Sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakininin qətlə yetirildiyi əksini tapıb.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı konfransının bu il yanvarın 20-25-də Bağdadda keçirilən 11-ci sessiyasında qəbul edilən qətnamənin müvafiq bəndində İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyası təqdir edilir. Sənəddə Xocalı şəhərində azərbaycanlı sakinlərin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə qırğına məruz qaldığı vurğulanır. Konfransın yekun kommunikesində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, 613 dinc sakinin qətlə yetirilməsi ilə nəticələnən dəhşətli soyqırımı, işğal edilmiş Azərbaycan ərazilərində müqəddəs yerlərin və məscidlərin, mədəni irsin dağıdılması pislənilir. Bu sənəddə də İƏT-in Azərbaycan ilə tam həmrəy olduğu, Azərbaycan hökuməti və xalqının ölkəni müdafiə etmək məqsədilə həyata keçirdiyi səyləri dəstəklədiyi bildirilir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarına imkan yaradılmasına çağırış səsləndirilir.
Son günlər ABŞ-ın daha üç ştatı müvafiq bəyannamə imzalayıb. Bu il fevralın 11-də ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets bəyannamə imzalayaraq, fevralın 26-nın “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb. Bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir, 600-dən çox günahsız mülki əhalinin, o cümlədən uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Qeyd edilir ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir. Bəyannamə, eyni zamanda, Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.
Fevralın 15-də ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. Qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır. Sənəddə qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı qətliamı zamanı 600-dən çox mülki insan qətlə yetirilib. Oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı faciəsi qurbanlarını hörmətlə yad etmək vacibdir.
Nəhayət, fevralın 17-də ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevralı Xocalını anma günü olaraq tanımağa və yad etməyə çağırıb. S.Bulok bəyanatda bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla da münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”. Sənədin sonunda 2016-cı il fevralın 26-nın Montanada Xocalını anma günü elan edildiyi vurğulanır.
Beləliklə, bu bəyannamə ilə ABŞ-da Xocalı soyqırımını tanıyan və pisləyən ştatların sayı 20-yə çatıb.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq və sağlam düşüncə məhz bunu tələb edir.
Tural Aslanov
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM