Strategiya.az bildirir ki, APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında deyib.
Dövlət başçısı bildirib ki, 2015-ci ildə TANAP kəmərinin təməli qoyulub: “Bu layihə Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi layihəsi barədə danışdıqda biz anlayırıq ki, bu, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resurslarının şaxələndirilməsi istənilən ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir.
Zəngin təbii resursları olan ölkələr enerji baxımından təhlükəsiz vəziyyətdədir. Çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda bu ölkələrin bazarlara ehtiyacı var. Hasilatçılara qanunvericiliklə tənzimlənən uzun perspektivli bazarlar lazımdır. Biz Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr, eyni zamanda istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Hesab edirəm ki, gələn 2-3 il ərzində planlarımızın uğurla həyata keçirilməsi bu layihənin gələcək üçün çox yaxşı potensialı olduğunu göstərəcək”.