Samir İsayev: “Bənd dağılsa, 570 milyon kub.metr su sürətli axınla Bərdəyə tərəf gedəcək.”

11:16 / 06.03.2016

Strategiya.az bildirir ki,  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng SOS” layihəsinin əlaqələndiricisi, tanınmış hüquqşünas Samir İsayev 1905.az-ın suallarını cavablandırıb.

– Samir müəllim, yanvarda Avropa Şurası Parlament Assambleyasında millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edən və  Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi…

AVCİYA-nın 24 fevralda yayımlanmış bəyanatında belə bir cümlə var: “Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altındadır və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Anbarda baş verə biləcək hər hansı qəza nəticəsində Azərbaycanın cəbhəyanı 6 rayonunun – Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarının 400 mindən artıq əhalisi  qısa vaxt ərzində məhv olmaq təhlükəsi ilə üz-üzədir.”

Mənə elə gəlir ki, bizim adamların bəziləri, bəlkə də çoxu  bu rayonları ikiölçülü təsəvvür edir. Tam hamar səth üzərində, xəritədə olan kimi. Siz AVCİYA-nın Sərsənglə bağlı layihəsinin koordinatoru kimi bu rayonları qarış-qarış gəzmisiniz və problemi yaxşı bilirsiniz. Həmin bölgədə vəziyyət necədir?

– Həqiqətən də hər bir problem üzərində çalışanda insan ilk növbədə bölgəni, onun problemlərinin kökünü öyrənməyə başlayır. Bu baxımdan sualınız da yerinə düşür. Öncə onu deyim ki, Bakıda müşahidə etdiyimiz soyuqluq və laqeydlik mühiti bölgələrimizdən də yan keçməyib. Bu, hazırki Azərbaycan cəmiyyətinin çox ciddi psixoloji durumudur. Bu gün şəhidlərə, müharibədəki itkilərə, itirilən torpaqlarımıza, Azərbaycanın ərazi bütövlüyünə, onun gələcəyinə münasibətimizə bu müstəvidən baxılmalıdır. Cəmiyyət artıq kütləşib və ağrını hiss eləmir. Sanki ağrıya qarşı dözümlülük, laqeydlik yaranıb. Cəmiyyət xalq və dövlət qarşısında duran problemlərə laqeydləşib. Biz onu bu bölgədə də gördük. Biz bölgədə yaşayanların müraciətlərini toplayırdıq. İnsanlarla çox qəribə söhbətlər aparmışıq. Məsələn, bir vətəndaş yaxınlaşır və bildirir ki, o da bu problemlə bağlı öz fikrimi bildirmək istəyir. Deyir ki, prezident iki kəndi birləşdirmək üçün 3 milyon manat ayırıb, amma onlar bu yolu istəmirlər. Daha çox su istəyirlər. Cavab verirəm ki, prezident vəsait ayırıb, çox sağ olsun. Bunun axı sizin su ilə bağlı mübarizənizə nə dəxli var? Yəni insanlar problemə müxtəlif müstəvilərdən yanaşırdılar. Bax, bunu mən başa düşə bilmirdim. Biz videomüraciətlər toplayanda deyirdilər ki, onlar müraciət edirlər, bəs suları nə vaxt olacaq? Onları inandırmağa çalışırdıq ki, biz suyun olması üçün çox strateji bir istiqamətdə mübarizəmizi qurmuşuq. Onların su problemi Sərsəng su anbarı ilə bağlıdır. Hökumətin suyu oraya gətirmək şansı sıfıra bərabərdir. Sözsüz ki, nəhəng investisiyalar bahasına hansısa layihələri həyata keçirmək olardı. Amma bu layihə çox bahalı və iqtisadi cəhətdən sərfəli olmazdı. Dövlətin bu torpaqları qaytarmaq şansları olmasaydı, həmin çarəyə də əl atardı. Biz insanları inandırmağa çalışırdıq ki, onların strateji də olsa, əsas hədəfləri bu suyu almaq olmalıdır. Bu, müxtəlif təbəqələrdən olan insanlar arasında birmənalı qarşılanmırdı. Sanki, onlar hər şeydən ümidlərini üzüblər. Düzdür, onlar bir ağızdan deyirlər ki, ali baş komandan əmr versin, hamımız əlimizdə silah gedib, torpaqlarımızı azad edək. Əslində insanlarda belə bir qətiyyətin olması yaxşı bir haldır. Vətənpərvərliyin hərbiləşməsinə doğru bir qətiyyət var. Amma insanlar bunu da bir az mifikləşdirirlər. Digər tərəfdən Sərsəng su anbarının suyu həm iqtisadi, həm də içmək baxımından önəmlidir. Çünki o bölgədə içməli su yoxdur.

– Adi insanların həmin bölgədə yaşayanların problemlərini başa düşməsi üçün gəlin, bu əraziyə relyefli xəritədə baxaq. Belə başa düşürəm ki, Sərsəng su anbarı yüksəklikdə yerləşir.

– Bəli, 125 m yüksəklikdə. Avropada ikinci ən hündür su anbarıdır.

 

– 1976-cı ildə inşa edilib və artıq neçənci ildir ki, işğal altındadır. Bu hidrotexniki qurğuda zəruri dəstək tədbirləri, cari təmir və s. həyata keçirilməyib. Su anbarında qəza olacağı təqdirdə ondan aşağıda yerləşən Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonları su altında qalacaq.

– Sərsəng su anbarında 570 milyon kub metr su var. Bu, olduqca böyük bir həcmdir. Müqayisə üçün deyim ki, orada 4 Ceyranbatan su anbarındakı qədər su var. Həmin su bəndini qəfil qəza, yaxud qəsd, cinayət, hərbi əməliyyat dağıda bilər. Bənd dağılsa, 570 milyon kub.metr su sürətli axınla Bərdəyə tərəf gedəcək. 12-20 dəqiqədən sonra su artıq Bərdəyə çatacaq. Və Bərdədə 40-50 sm hündürlüyündə bütün çölləri bürüyəcək. Tərtərin bu hissəsində isə (xəritədə göstərir) su daha hündür olacaq. Amma axı su burada dayanıb qalan deyil. Bura çökəklikdir və su axarı ilə getməlidir. Həmin suyun müəyyən hissəsi Kürə çatsa, 2010-cu ildə baş vermiş Kür daşqınlarından da dəhşətli daşqınlara səbəb olacaq. Suyun buraya gəlib çatması təxminən 1-1,5 saata baş verəcək. Suyun Kürə tökülməsi 1,5-2 saat davam etsə, çayın səviyyəsi qalxacaq, bütün aşağı rayonların ərazisi suyun altında qalacaq. Qeyd etdiyim kimi, bir neçə il əvvəl baş vermiş Kür daşqınlarından daha dəhşətli daşqınların şahidi olacacağıq. Həm də Kür daşqınlarındakı kimi, suyun səviyyəsi tədricən qalxmayacaq. Yadınızdadırsa, o vaxt Mingəçevir su anbarında kritik nöqtəyə kimi suyun səviyyəsinin qarşısını kəsmək istəyir, Arazın məcrasını dəyişməyə çalışırdılar. Burada isə insanlarımız birdən-birə fəlakətə məruz qala bilərlər. Bir növ sunami kimi. Yəni 400 min nəfər əhali dedikdə, söhbət yalnız bölgə əhalisindən gedir. Amma Kürün Xəzərə töküldüyü yerədək bütün rayonların əhalisi fəlakətə məruz qala bilər.

– Qeyd etdiyimiz bu 6 rayonun yəqin ki, hərəsinin bir özəlliyi var. Birində artezian quyularının sayı daha çoxdur, digərində azdır. Bu rayonları sırf coğrafi nöqteyi-nəzərdən nə ilə fərqləndirmək olar?

 

 

– Tərtər çayı üzərində olan Sərsəng su anbarının bölgəyə təsiri iki yolladır. Mən bölgəni su ilə təmin etməsinin effektivliyini nəzərdə tuturam. Bu suyu bölgənin əhalisinə Goranboydan Ağdama, Ağcabədiyə qədər geniş ərazidə çatdırmaq üçün iki kanal salınıb – Sağ sahil və Sol sahil kanalları. Bu kanallar vasitəsilə Sərsəngdən çıxan su bu ərazilərə verilirdi. Bu gün həmin kanallar sıradan çıxıb. Nəticədə bu bölgələrin, xüsusilə də Goranboyun əhalisi su baxımından dəhşətli vəziyyətə düşüb. Bölgədən bir kanal keçir – Yuxarı Qarabağ kanalı (xəritədə göstərir). Həmin kanal vasitəsilə bölgənin bir hissəsi suvarılır. Bənd tikiləndə də bu nəzərdə tutulmuşdu ki, bir hissə Yuxarı Qarabağ kanalı, digər hissə isə Sərsəng su anbarından gələn su ilə suvarılmalı idi. Bölgənin ildə 500 milyon kub metr suya olan ehtiyaclarını ödəməli idi. Artezian quyuları hesabına isə əlavə təminat nəzərdə tutulmuşdu. Çox təəssüf ki, bu gün artezian quyuları hesabına təminatda böyük problemlər var. Problemə təsir edən əsas amillərdən biri odur ki, çaylara su buraxılmır, kanallarda su olmur, qrunt suları da aşağı səviyyəyə düşür. Məsələnin ən ciddi tərəflərindən biri bundan ibarətdir. İkincisi isə odur ki, qrunt sularının əksəriyyəti duzludur, mineral tərkibi zəngindir. Məsələn, Tərtər şəhərinin su təminatını 6 ədəd subartezian quyusu ödəyir. Bu quyuların sularının heç biri keyfiyyətli içməli su deyil.

– Deməli, həmin sular təmizlənməlidir?

– Bu suyu təmizləmək də mümkün deyil, həmin suyu yalnız xüsusi filtrlə vasitəsilə içməli hala salmaq olar. Suyun mineral tərkibi zəngindir. Bioloji baxımdan təmizdir, amma duzludur. Əhəmiyyətli dərəcədə duzludur və bu böyük problemdir. Bu, bütün bölgədə hiss olunan problemdir. Ağdamın elə kəndləri var ki, içməli su ümumiyyətlə, yoxdur. İnsanlar içməli su qıtlığından əziyyət çəkirlər. Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsində ekoloji təcavüzdən söhbət gedir. Baxın, elə bu ekoloji təcavüzdür. İnsanlar suvarma suyu bir yana, içməli su tapmırlar. Elə bu səbəbdən də insanlar bölgəni tərk etməli olurlar. Azərbaycanda artıq ekoloji qaçqınlar yaranır. İnsanlar içməli və suvarma suyu ilə özlərini təmin etmək üçün doğma yurdlarını tərk etməli olurlar. Yəni ekoloji miqrasiyanın baş verməsi üçün burada zəmin var.

 

– Vaxtilə Saxara səhrasının genişlənməsi ilə əlaqədar istər Çadda, istərsə də Malidə böyük problemlər yaranmışdı. Təxminən buna oxşar problemlər bu bölgədə də yaşanır. Torpaqların şoranlaşması və gələcəkdə çox bahalı rekultivasiya işlərinin aparılması zərurəti yaranacaq. Bu baxımdan vəziyyət necədir?

– Azərbaycan “Səhralaşmaya qarşı mübarizə” beynəlxalq konvensiyaya qoşulub. Həmin konvensiyada dünyanın bəzi bölgələrinin, o cümlədən də Cənubi Qafqazın adı çəkilir. Halbuki bu problemin nə Ermənistana, nə də Gürcüstana aidiyyatı yoxdur. Bu problem Azərbaycana aiddir. Azərbaycanda böyük səhralaşma prosesi gedir. Azərbaycanda səhralaşmanın, torpaqların deqradasiyasının, erroziyaya uğramasının əsas səbəbi ekstensiv suvarma və kənd təsərrüfatı üçün qurulmuş suvarma şəbəkəsi Azərbaycanda çəkilən su kanallarının əksəriyyəti beton kanallar deyil. Bu kanallara buraxılan suyun əhəmiyyətli bir qismi yerin alt qatlarına sızır. Nəticədə qurunt sularının səviyyəsi artır. Bayaq dediyim kimi, qrunt sularının böyük bir hissəsinin mineral tərkibi zəngin olduğundan, torpaqlar şoranlaşır. Şoranlaşmanın qarşısını almağın ən effektiv metodlarından biri müxtəlif irriqasiya tədbirləridir. Torpaqlar yuyulmalı, yerüstü kanallar qazılmalıdır ki, torpağın üstünə çıxan sular oraya axsın. SSRİ vaxtında bu metoddan istifadə olunurdu. Lakin təəssüflər olsun ki, sonralar bu irriqasiya kanallarının əksəriyyətinin üstünü torpaq örtdü, torpaq kənd təsərrüfatı üçün istifadə olunmadı. Oxşar proses haqqında danışdığımız bölgədə də gedir. Bu bölgənin torpağı həddindən artıq məhsuldardır. Bərdənin bir qismi Yuxarı Qarabağ kanalı vasitəsilə suvarılır. Bu kanalın yaxınlığındakı sahələrdə taxılın məhsuldarlığı hər hektardan 60 sentnerdir. Bölgənin başqa yerlərində isə bu göstərici 10-12 sentnerdir. Fərqi görürsünüzmü? Amma bu gün həmin bölgədə torpağın məhsuldar üst qatından bir ovuc götürəndə görürsən ki, əlindəcə ovulur. Deməli, torpağın tərkibində nəmişlik olmadığından külək erroziyasına məruz qalır. Torpağın suvarılması məhdudlaşdığından, ənənəvi əkinçilik rayonları da heyvandarlıqla məşğul olmaq məcburiyyətində qalır. Heyvanlar isə dırnaqları ilə torpağın üst qatını məhv edir.

– Biz Sərsəng su anbarını 1990-cı illərin əvvəllərində, ümid edirəm ki, müvəqqəti olaraq itirmişik. Sərsəngdən gələn su ilə ərazinin suvarılmasını xatırlayan adamlar kifayət qədərdir. Belə insanların mövcudluğu apardığınız işdə yardımçı olmurdu?

– Mən Sizin fikrinizlə razıyam. Azərbaycanın böyük bir hissəsində son neft bumunu istisna etsək, 1960-1970-ci illərdə əldə edilmiş maddi sərvətlər hesabına tikilmiş binaları görürük. Həmin dövrdən əvvələ aid tikililər çox azdır. Xüsusilə bu bölgədə. 1970-ci illərdə mərhum Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə kənd təsərrüfatının, xüsusilə də üzümçülük və pambıqçılığın geniş vüsət alması nəticəsində bu bölgədə böyük maddi sərvətlər əldə olundu. Tikilən evlərin mütləq əksəriyyəti həmin dövrə aiddir. Bütün bunlar insanların yadındadır. Belə şeylər yaddan çıxa bilməz. Buna görə də insanlar anlayırlar ki, onların iqtisadi dirçəlişi sudan və həmin istifadə imkanlarından asılıdır. Bilirlər ki, burada heyvandarlıq yüksək məhsuldarlıq gətirə bilməz. Strateji kənd təsərrüfatı məhsullarının əkilməsi hesabına daha böyük qazanc əldə etmək mümkündür. Suvarılan dövr insanların nəinki yadlarından çıxmayıb, hətta əldə etdikləri yüksək qazancı da xatırlayırlar.

 

– Fevralda AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun iştirakı ilə iki böyük media tədbiri keçirildi. Siz də həmin tədbirlərdə çıxış etdiniz, jurnalistlərin suallarını cavablandırdınız. Bölgədə də bütün telekanalların nümayəndələri fəaliyyət göstərirlər. Siz medianın, dördüncü hakimiyyətin dəstəyini necə dəyərləndirirsiniz?

– Azərbaycanda bu gün çox ciddi bir boşluq yaranıb. Bu boşluq bir yandan insanların ənənəvi dəyərlərdən uzaq düşməsi ilə, digər yandan isə insanları həmin dəyərlərə qaytara biləcək alətlərin olmaması ilə bağlıdır. İnsanları bu dəyərlərə media qaytara bilərdi. Mən xarici medianı çox izləyirəm. Xarici media hər bir problemin kökündə insanı görür. Onlar üçün böyük Sərsəng problemi yox, bu problemdən əziyyət çəkən insanın faciəsi var. Onlar problemi insan problemi kontekstində verməyi bacarırlar. Yəni tutaq ki, Fatmanisə xala susuzluqdan necə əziyyət çəkir, bu faciəni necə yaşayır. Bəs Fatmanisə xalanın faciəsinin kökündə nə dayanır – Sərsəngdən suyun verilməməsi.

Gəlin, Suriya probleminə baxaq. Hər gün müharibə gedir, minlərlə insanın ölümünə dünya etinasız baxırdı. Suriya qaçqınları Avropanı bürümüşdü. Amma dünya ictimaiyyətinin diqqətini cəlb edəcək partlayış 4 yaşlı uşaq həlak olanda baş verdi. Avropa ictimai fikri artıq bunu qəbul etmədi. Hamı dəniz qırağında ölüb, üzüquylu düşmüş uşağın yerində öz balasını gördü.  Baxın, biz problemlərimizi həmin körpələrin timsalında çatdıra bilmirik. Nə qədər ki, media bizim problemlərimizi bu kontekstdən çatdırmır, dünya səsimizi eşitməyəcək. Jurnalist problemə beynəlxalq jurnalistika anlamından yanaşmalıdır. Bunu öyrənəndən sonra problem qoyulmalıdır və dünya bu problemi anlayacaq. Bölgəyə neçə dəfə press-turlar təşkil olundu. Jurnalistlərimiz bölgə adamları ilə danışıb, problemin mahiyyətinə varmırdılar. Amma xarici jurnalistləri bizim əlaqələndiricilər kəndlərdə müşayiət etmişdilər. Bu insanlar küçəyə çıxıb, bir həyətə giriblər. Təsadüfdən həmin həyətdə də Kəlbəcərdən olan məcburi köçkün ailəsi yaşayırmış. Onlarla söhbətdən sonra, içməyə su istəyiblər. Görüblər ki, yuyunmaq üçün olan paslı vannaya su doldurub, içirlər. Yazmağı bacaran jurnalistə bundan başqa mövzu lazım deyil ki…

– Samir müəllim, deməli, vaxtilə dəbdə olan tərzdə desək, informasiya blokadası əslində yoxdur.

– Müasir informasiya cəmiyyətində yoxdur. Hansısa bir informasiya agentliyi nəyi isə yazmaya bilər. Amma sən mövzunu yaxşı işləyib, yazmısansa, çap eləyən də tapılacaq, onu da bütün dünya oxuyacaq. Hətta sosial şəbəkələr vasitəsilə də yaymaq olar. Ötən il Çanaqqala döyüşünün 100 illiyi ərəfəsində Rassel Krounun iştirakı ilə maraqlı film çəkilmişdi. Filmin qəhrəmanı Avstraliyadan gələn bir insandır və müharibədə itkin düşmüş oğlunu axtarır. Onun gözü ilə biz 1918-ci il Türkiyəsini görürük. Deməli, məsələni qoymağı bacarmaq lazımdır. Bir şeyi heç vaxt unutmayaq ki, istedadlı xalqıq. Əgər jurnalist pul qazanmaq istəyirsə, nəsə yarada bilməyəcək. Amma nəsə yaratmaq istəsələr, pul da qazanacaqlar. İş elə gətirdi ki, 2001-ci ildə mən İtaliyanın RAİ-3 kanalının Azərbaycan haqqında filminin direktoru oldum. Onlarla xaricdə yaşayan tanışlarım vasitəsilə görüşmüşdüm. Xahiş etdilər ki, onlara bu işdə kömək edə biləcək adam tapım. Fikirləşirdim ki, onlara elə bir adam qoşum ki, Azərbaycanı düzgün təqdim edə bilsin. Dedilər, Azərbaycan haqqında elə bir film çəkmək istəyirlər ki, hər şeyi əhatə etsin. Həm kasıbları, həm zənginləri göstərsin, ekoloji problemləri, Qarabağ məsələsini, Azərbaycanın bu günkü mənəvi və iqtisadi durumunu ifadə etsin. Fikirləşdim ki, Sumqayıtda həm ekoloji problemləri, həm müharibəni, qaçqın və məcburi köçkünləri, şəhid məzarlıqlarını göstərmək olar. Onları Sumqayıta apardım, zavodların düşdüyü vəziyyəti göstərdim. Onlar xahiş etdilər ki, elə mən onlarla işləyim. Mən Sumqayıtda yaşayan, əslən Qubadlıdan, yaxud Zəngilandan olan, dəqiq yadımda deyil, və müharibədə hər iki ayağını itirmiş bir oğlan tapdım. Əlillər üçün tikilmiş evdə yaşayırdı. Həmin oğlanın qardaşı müharibədə şəhid olmuşdu. Atası, anası Sumqayıtda zavodda işlədiyindən, uşağı anadan xəstə doğulmuşdu. Sanki problemlər bir nəfərin ətrafında birləşmişdi. Onlar oğlanla danışdıqdan sonra təklif etdilər ki, oğlanı şəhid qardaşının məzarı yanında çəksinlər. Müharibə veteranı Sumqayıtın Şəhidlər xiyabanında qardaşının məzarını ziyarət edəndə italyanlar gizlicə onu çəkirdilər. Filmin rejissoru oğlanın qardaşının qəbrinin arxasından balaca kamera ilə çəkirdi. Bir də gördüm ki, rejissor əli ilə işra edib, çəkilişi dayandırdı və mənim yanıma gəlib, ağladı. Və mənə dedi: “Samir, sizin xalqınız məğlub olmayacaq. Mən o oğlanın gözlərini gördüm və baxışlarını oxudum. Bundan sonra danışılanlara ehtiyac yoxdur”.

Bilirsiniz, jurnalist məhz bu hissiyyatı duymalı və onu verməyi bacarmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM