Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.
Türkiyənin dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub.
Türkiyə KİV-in bu dəqiqələrdə yazdığına görə, qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.
* * *12:42
Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.
* * *12:09
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfərinin proqramı açıqlanıb.
Türkiyə prezidentinin rəsmi saytı xəbər verir ki, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi saat 12:30-da Cumhurbaşkanlığı Külliyesində olacaq.
Məlumata görə, prezidentlərin təkbətək görüşü Cumhurbaşkanlığı Külliyesində saat 12:45-də baş tutacaq.
İlham Əliyevin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da Cumhurbaşkanlığı Külliyesində keçiriləcək. Proqrama əsasən, toplantı saat 13:45-də başlayacaq.
Saat 15:00-da tərəflər arasında razılaşmaların imzalanması və mətbuata ortaq açıqlama verilməsi planlaşdırılır.
Qeyd edək ki, sözügedən tədbir də Cumhurbaşkanlığı Külliyesində həyata keçiriləcək.
Saat 15:30-da isə Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə Cumhurbaşkanlığı Külliyesində nahar veriləcək.
Xatırladaq ki, martın 13-də Türtkiyənin paytaxtı Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər ölüb. 125 nəfər yaralanıb. Terrorla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 15-də Azərbaycana olan səfəri təxirə salınıb. Azərbaycan prezidentinin təşəbbüsü ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçirilməsinə qərar verilib.
Strategiya.az