Strategiya.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində deyib.
E. Məmmədyarov qeyd edib ki, rus-türk münasibətlərinin qısa müddət ərzində normallaşmasında Rusiya və Türkiyə ilə dost münasibətləri olan Azərbaycan hamıdan çox maraqlıdır: “Bu məsələdə vasitəçilik ifadəsi çox yüksək səslənir. İstənilən halda, mən bunu həm türk, həm də rusiyalı həmkarımla müzakirə edirəm. Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması hadisəsindən sonra biz dəfələrlə bu məsələni Serqey Lavrovla müzakirə etmişik. Qarşılıqlı anlaşmaya nə qədər tez nail olunsa, hamı üçün bir o qədər yaxşı olacaq”.
Rusiya xarici işlər naziri ilə növbəti görüşlərində ikitərəfli əməkdaşlıq, əsasən də, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasının müzakirə ediləcəyini bildirən E. Məmmədyarov “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı məsələnin də gündəlikdə olduğunu qeyd edib.
Ermənistanın bu layihədən kənarda qalmasının səbəbləri ilə bağlı jurnalistin sualını cavablandıran nazir bu layihədə hansı formada iştirakı İrəvanın müəyyənləşdirməli olduğunu diqqətə çatdırıb: “Azərbaycan və Ermənistanın dəmiryol və nəqliyyat infrastrukturunu müqayisə etsək, səviyyəcə üst-üstə düşmür. Bizim dəmiryolu İran sərhədinə qədər çəkilib. İlin sonunadək dəmiryolu körpüsünün tikilməsi və dəmiryolunun İrana birləşdirilməsi reallaşdırılacaq. İran tərəfi yaxın iki ildə Rəşt-Astara dəmiryolunun tikintisini bitirməyi planlaşdırır. Söhbət artıq mövcud olan, real infrastrukturdan gedir”.