Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.
Dövlət başçısı vurğulayıb ki, multikulturalizmin iflasa uğradığını deyənlər elə multikulturalizmin məhv edilməsinə çalışanlardır:
“Onlar bəlkə də başa düşmürlər ki, necə böyük səhv buraxırlar. Biz göstəririk ki, bu, mümkündür. Biz göstəririk ki, belə olmalıdır. Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir”.
İlham Əliyev bildirib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir: “Bu, bizim sərvətimizdir. Biz bunu qorumalıyıq, qoruyacağıq və bir daha demək istəyirəm ki, dünyaya yol göstəririk. Bir çox məsələlərlə bağlı yol göstəririk - inkişaf, müstəqillik, ləyaqət, prinsipial siyasət, xalqlararası, millətlərarası münasibətlər, din–dövlət münasibətləri, energetika siyasəti, nəqliyyat siyasəti. Budur bugünkü Azərbaycanın reallıqları. Əminəm ki, biz 2016-cı ili də uğurla başa vuracağıq. Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir”.