59 yaşlı S.Mustafa deyib ki, təyyarəni qaçırmasına səbəb 24 il ərzində ailəsi ilə görüşə bilməməsi olub: "24 il ailəsini görməyən, həyat yoldaşı, uşaqları ilə görüşə bilməyən insan nə etməlidir?" Görüşü mümkünsüz edən isə Misir hökumətidir".
S.Mustafa Kipri 1994-cü ildə tərk edib. O, Kipr vətəndaşı olan xanımla evlənib, 4 uşağı olub. Uşaqlarından biri vəfat edib.
Xatırladaq ki, ötən gün misirli "EgyptAir" aviaşirkətinin İsgəndəriyyə-Qahirə marşrutu üzrə hərəkət edən A-320 təyyarəsini qaçırıb. S.Mustafa komandiri və sərnişinləri onun tələbləri yerinə yetirilməyəcəyi halda təyyarəni partlatmaqla hədələyib. Təyyarənin göyərtəsində 55 sərnişin, o cümlədən 8 Böyük Britaniya və 10 ABŞ vətəndaşı olub.
S.Mustafa əvvəlcə Kiprdə siyasi sığınacaq istəyib, sonra Misirdəki həbsxanalarda olan məhbusların azad edilməsini tələb edib. Lakin bir müddət sonra o, sərnişinləri azad edib və təhlükəsizlik qüvvələrinə təslim olub. Larnaka məhkəməsi S.Mustafanın 8 sutka həbs edilməsinə qərar verib.