İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya zərbəsi nəticəsində dağılmış orta məktəb binası da artıq bərpa edilir: "Orta məktəbə mərmi düşmüşdü və binanın bir hissəsi dağılmışdı. Artıq həmin dağılan ərazi sökülüb və bərpa işlərinə başlanıb. Binanın dam örtüyü tam sökülüb".
R.Məmmədov deyib ki, bununla yanaşı, rayon ərazisində ermənilərin atəşi nəticəsində dağıdılmış ev və digər obyektlərin də bərpası ilə əlaqədar hesablama işləri yekunlaşmaq üzrədir: "Hazırda müvafiq komissiya işini bitirmək üzrədir. Dəymiş ziyan müəyyənləşib, smeta sənədləri hazırlanıb. Yaxın günlərdə həmin evlərin və binaların da təmirinə başlanacaq".
Rayon ərazisindəki son durum barədə danışan R.Məmmədov deyib ki, atəşkəs olsa da, ermənilər cəbhəboyu ərazilərdə atəşkəsi pozur, avtomat və pulemyotlardan ara-sıra atəş açırlar. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə düşmən susdurulur.