Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev hesab edir ki, ümumiyyətlə, məlum aprel hadisələrindən sonra ermənilər öz məğlubiyyətlərini kiminsə üzərinə atmaq istəyirlər: "İlk dəfə dedilər ki, İsrailin silahları güclüdür və məhz buna görə də Azərbaycan İsrail silahından istifadə edir. İkinci dəfə dedilər ki, guya ruslar bunlara keyfiyyətsiz silah satıb və əksinə, Azərbaycana daha yüksək texnologiyalı silah verib. Yəni bütün bu bəhanələrdə məqsəd cəbhədəki məğlubiyyətlərini gizlətmək və kiminsə ayağına yazmaqdır. Məhz buna görə də Ermənistan tərəfi İsrailə Azərbaycana silah satmamaqla bağlı müraciət edib".
A.Nağıyev bildirib ki, Azərbaycan Rusiya ilə də hərbi sahədə strateji əməkdaşlıq edir: "Bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin də bəyanat verib ki, "biz hərbi sahədə Azərbaycan kimi partnyoru itirə bilmərik". Eyni zamanda İsrail tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan İsrail ilə uzunmüddətli partnyordur, iki ölkə arasında strateji əməkdaşlıq var və buna görə də Azərbaycanla hərbi sahədə əməkdaşlıq davam edəcək. Ermənistan hakimiyyətinin danışdıqları isə sadəcə bir mif, öz məğlubiyyətlərini kiminsə ayağına yazmaq və bununla da cinayətkar hakimiyyətlərinin ömrünün uzadılmasından başqa bir şey deyil".
Politoloq Qabil Hüseynli də ermənilərin silahla bağlı hay-küy salmalarının bir bəhanə olduğunu hesab edir.
Onun fikrincə, İsrail ermənilərə görə Azərbaycanla hərbi sahədə əməkdaşlığından imtina etməz: "Zənn etmirəm ki, İsrail Azərbaycana silah satışını dayandırsın. İsrail ilə Azərbaycan arasında ikitərəfli münasibətlər strateji xarakter daşıyır. Bu, təkcə hərbi sahədə əməkdaşlıqla məhdudlaşmır. Silah satışı və Azərbaycanda bəzi silahların istehsalının İsrail ilə birgə yaradılması istiqamətində uğurlu iş aparılıb və uzun müddətə bağlanmış müqavilə əsasında həyata keçirilir. Erməni kimdir ki, İsrailin dövlət maraqlarının əleyhinə çıxsın və onu Azərbaycana silah satmamağa məcbur etsin?! Ermənilər müraciət etdi və rədd cavabı aldılar".
Strategiya.az