Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi olimpiadaya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.
Sərbəst güləş yarışlarında ölkəmizi Mircəlal Həsənzadə (57 kq), yunan-Roma güləşi yarışlarında Həsən Əliyev (66 kq) və Orxan Nuriyev (98 kq), qadın güləşi yarışlarında isə Gözəl Zutova (69 kq) təmsil edəcək.
Turnirin proqramına əsasən, aprelin 22-də yunan-Roma, 23-də qadın, aprelin 24-də isə sərbəst güləşçilər mübarizə aparacaqlar. İlk görüşlər Bakı vaxtı ilə səhər saat 04:00-da, final görüşləri isə 13:00-da başlayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.
Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de-Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.
Strategiya.az