Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, dünən və bu gün Bakıda iqlim normasından 3-6 dərəcə yüksək temperatur müşahidə edilsə də, sabah havanın temperaturu 7-12 dərəcə enəcək.
Bu prosesin bir günlük olacağını deyən A.Verdiyev qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsi meteohəssas insanlara təsir edir.
Onun sözlərinə görə, aprelin 22-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq: "Lakin aprelin 23-dən temperatur yenidən yüksəlməyə başlayacağı üçün aprelin 23-24-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq".
Hava şəraitinin kəskin dəyişməsinin meteohəssas insanlara təsir etmə səbəbini daha çox atmosfer təzyiqinin xeyli tərəddüdlərinin olması ilə izah edən A.Verdiyev qeyd edib ki, hava şəraiti kəskin dəyişərkən atmosfer təzyiqi də kəskin tərəddüd edir: "Bu da insan səhhətinə mənfi təsir edən birinci faktordur. Atmosfer təzyiqinin kəskin enməsini isə daha çox ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar hiss edir".
Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev isə Trend-ə bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ürək-damar sistemi xəstələrinin səhhətlərinin pisləşməsində mühüm rol oynayır: "Çünki hava dəyişkənliyi damarlarda, ürəkdə müəyyən problemlər yaradır".
İnstitut direktoru qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsinin, eləcə də Günəş şüaları və maqnit burulğanlarının insanda ürək-damar sistemi xəstəliklərinin yaranmasına və kəskinləşməsinə hansı formada təsir göstərdiyini araşdırmaq üçün tədqiqatlara başlanılsa da, müəyyən problemlərlə əlaqədar onun icrası hələlik dayandırılıb: "Tədiqatlar zamanı ürək-damar sistemi xəstəliklərinə aid olan təxminən 5 xəstəliklə - hipertoniya, ürəyin işemiya xəstəliyi, aritmiya, ürək çatışmazlığı, infarktla bağlı araşdırmaların aparılması əsas məqsəd kimi qarşıya qoyulub".
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildirilib ki, adətən, belə hava dəyişikliyi ilə əlaqədar uşaqlar, yaşlı nəslin nümayəndələri və xroniki xəstəliklərdən əziyyət çəkən insanlarla bağlı çağırışların sayı artır: "Hava şəraitinin kəskin dəyişməsi nəticəsində uşaqlar kəskin respirator infeksiya, yaşlı nəslin nümayəndələri isə ürək-damar sistemi xəstəliklərindən, xüsusilə arterial təzyiqdən şikayət edirlər. Məsləhət görülür ki, belə hava şəraitinin insanların, xüsusilə uşaqların səhhətinə zərər vurmaması üçün onların geyiminə qarşı diqqətli olmaq lazımdır. Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə profilaktika məqsədilə özlərinin "növbətçi" dərman preparatlarından gecikmədən, vaxtında istifadə etməlidirlər".
Strategiya.az