Strategiya.az bildiri ki, APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, təmas xəttində baş verən hadisələr zamanı ölən və yaralananların ailələrinə başsağlığı verib: “Təmas xəttində baş verənlər göstərir ki, münaqişə diplomatik yolla həll olunmalıdır. Hazırkı mərhələdə 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmaya ciddi əməl etməyi prioritet hesab edirik. Həmin sənədlər müddətsizdir və hər kəs tərəfindən hörmətlə yanaşılmalıdır.
Rusiya Minsk qrupu həmsədrləri üçlüyünə daxil olan ölkə kimi əlindən gələn hər şeyi edəcək. Biz indiki mərhələdə hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən 2011-ci ildə Rusiya prezidentinin təşəbbüsü ilə dəstəklənmiş qarşılıqlı etimad, təhlükəsizliyin təmin olunması, insidentlərin araşdırılması tədbirləri vacibdir".
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.