Strategiya.az bildiri ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva deyib.
Komitə rəsmisi qeyd edib ki, qadınların müraciətləri, əsasən, əlilliyi olan uşaqlarının sağlamlığı və məişət zorakılığı zəminində baş verən ailə münaqişələri ilə bağlı olur.
Onun sözərinə görə, kişilər isə əlilliyi olan uşaqları üçün əlilliyə görə pensiyanın və əlil arabasının verilməsi, maddi yardımın göstərilməsi, sosial müavinətlərin verilməsi, uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı mərkəzlərə daha çox müraciət edirlər.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı qadınlar tərəfindən edilən müraciətlərin sayının kişilərdən daha az olduğunu deyən C.Rəhmətullayeva qeyd edib ki, ümumiyyətlə, əlil uşaqların olduğu ailələrdə qadınlar ərləri tərəfindən tərk edilirlər: "Bəzi hallarda isə atalar və ya digər ailə üzvləri uşaqların müəssisələrə verilməsinə üstünlük verirlər. Bu baxımdan uşaqlarını müəssisələrə yerləşdirməyə məcbur qalmış analarla, əlacsız qalan nənə-babalarla da qarşılaşırıq. Əgər uşaq nənə-babanın öhdəliyindədirsə, ailələr boşanmışsa, ailəyə gəlir yalnız nənə-babanın pensiyasından gəlirsə, onda onlar çıxış yolunu uşağı müəssisəyə yerləşdirməkdə görürlər".
Sağlamlıqla bağlı müraciətlərin daha çox qadınlar tərəfindən edildiyini nəzərə çatdıran C.Rəhmətullayeva həmçinin qeyd edib ki, bu müraciətlər həm qadınların özlərinin, həm də uşaqlarının sağlamlıq problemləri ilə bağlı olur.
Komitə rəsmisi əlavə edib ki, mərkəzlərə edilən müraciətlər əsasında artıq müvafiq məlumat bazası da yaradılıb: "Artıq iki ildir ki, fəaliyyət göstərən məlumat bazası Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yerləşdiyi 11 rayonu - Goranboy, Göygöl, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zaqatala, İsmayıllı, Qəbələ, Zərdab rayonlarını və Bakının Xəzər rayonunu əhatə edir".