Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkarlanan ət Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 37 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Müayinə zamanı götürülən nümunələrin 4-nün at əti, qalanların isə iribuynuzlu heyvanların ətlərinin olması aşkar edilib. Həmçinin yoxlanılan bütün nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətlərinin olması müəyyən edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, aidiyyəti qurumlarla bu istiqamətdə lazımi tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdirilərək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
Strategiya.az