APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 3 mart 2016-cı il tarixli sərəncamında əksini tapıb.
Sərəncama əsasən təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər mayın 15-dən iyunun 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Viza verilməsi üçün Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd əsas hesab edilir.