Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xətai rayon 34-cü və 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri İ. Xanverdiyevaya, E. Kərimova və H. Həsənova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlamış Gəncə şəhər sakini Nikolay Mirasliçenko, Ağdaş rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Şahmurad Xudaverdiyev və Validə Məmmədova tutulublar.
Sumqayıt Şəhər 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 13-dən cari il mayın 17-dək olan müddətdə şəhər sakinləri E. Məmmədova, N. Əhmədova və Ç. Quliyevaya məxsus mağazalardan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamış həmyerliləri Səlim Nəcəfov, əvvəllər məhkum olunmuşlar Sakit Musayev və Mürvət Hüseynov saxlanılıblar.
Daha bir oğurluq hadisəsi isə Abşeron rayonunda qeydə alınıb. Mayın 18-nə keçən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində Bakı şəhər sakini Vüqar Abbasova məxsus mağazadan pəncərədən girmək yolu ilə 9 ədəd mobil telefon oğurlanıb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Orxan Hacıyev tutulub.
Qaradağ rayon 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 17-də Bakı şəhər sakini Rəşad Şahbazova məxsus “Mercedes” markalı avtomobildən 350 litr yanacaq oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Eldar Əliyev saxlanılıb.
Hər bir faktla bağlı araşdırma aparılır.