Təhsil Nazirliyindən verilən məlumata görə, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi haqqında təhsil nazirinin verdiyi əmrə uyğun olaraq, 2016-2017-ci tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə pilot ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunacaq.
Pilot məktəblərində təmayül sinifləri Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 2.6-cı bəndinə uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.
Həmin məktəblərdə təmayül fənlərini tədris edəcək müəllimlər üçün öyrədici təlimlər keçirilməsi təşkil ediləcək.
Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılacaq.
Qeyd edək ki, tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil edilib. 2015-2016-cı tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin 10-11-ci siniflərində təmayülləşmə tətbiq edilib.
Strategiya.az