Daxili İşlər Nazirliyi (DİN) Bakıda 14 yaşlı oğlanı oğurlayan şəxsi yaxalayıb.
DİN-dən verilən məlumatda bildirilir ki, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20000 manat pul istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Həmin şəxs uşağın valideyni ilə əlaqə saxlayaraq ondan bu barədə polisə məlumat verməməsini tələb edib.
Keçirilən təxirəsalınmaz tədbirlərlə C.Qasımovun "VAZ-21154" markalı avtomobillə qaçırıldığı müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Strategiya.az