Bu barədə Strategiya.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) cari ilin aprel ayından fəaliyyət göstərən "Yoxlama" layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılov və layihənin əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayılov, Poland Axundzadə, Arif Quliyev və İlqar Quliyev qeyd edilən tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən "Şamaxı" restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla onlara müxtəlif bədən xəsarətləri yetirib zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq ediblər. Bundan başqa hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib.
Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.