Ağdaşdan olan hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə “Qafqazinfo”ya açıqlamasında iki əvvəl tenderin qalibi olan şirkətin rayondakı fəaliyyətinə dair maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, rayonda aparılan hər hansı su-kanalizasiya işindən söhbət belə gedə bilməz. Deputat Ağdaşın keçmiş icra başçısı Rafiq Niftəliyevin dövründən bu layihəyə start verildiyini və yeni icra başçısı Tofiq İbrahimovun fəaliyyəti dövründə də davam etdiyini bildirib:
“Bu müddətdə rayonun küçələrində qazıntı işləri aparıldı. Yarıya qədər qazdılar, daha sonra yarımçıq qoyaraq üstünü torpaqla doldurdular. Şəxsən mənim rayondakı evimin qarşısına bir maşın çay daşı töküb getmişdilər. Öz hesabıma oranı təmizlədim. Küçələrdə yanğın söndürmək üçün dəmir kranlar qoyulmuşdu, lakin sonradan yığışdırıldı. Qapıya qədər kanalizasiya xətləri qazılıb, boru qoyulub, işlərin 30-40 faizi görülüb, amma sonradan üstü torpaqla örtülüb. Mən Tofiq bəydən bu işin taleyini soruşanda o, çox haqlı olaraq bildirdi ki, həmin layihə Ağdaşın reallıqlarına uyğun olaraq hazırlanmayıb, problemlər var. O, layihəyə yenidən baxılmasını da təklif etmişdi. İşlər davam etdiyi müddətdə həqiqətən də orada 1-2 nəfər ölmüş, bir nəfərin qolu sınmışdı.
Hazırda rayonda su-kanalizasiya problemi əvvəlki kimi qalır. İstər Gülən olsun, istərsə də qeyri-Gülən, rayon sakinləri su-kanalizasiya sistemindən bəhrələnmək istəyir. Ölkə prezidenti bunun üçün nə qədər vəsait ayırıb. Məlumdur ki, kimlərsə vəsaiti təyinatı üzrə xərcləməyib. Bu artıq hüquq-mühafizə orqanlarının işidir. Ortada küllü miqdarda vəsaitin mənimsənilməsi faktı var”.