Professor Əli Həsənovun “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” monoqrafiyasi müasir siyasətşünaslıq elminə dəyərli töhfədir
Yaşadığımız müasir dünya geosiyasi münasibətlər sisteminin mürəkkəbliyi, superdövlətlərin regional maraqlarının bu və digər dərəcədə toqquşması, özünü az qala hər addımda büruzə verən ikili standartlar ilə xarakterikdir. Xüsusən planetimizin strateji nöqtələrindən biri olan Qafqaz regionu, dövlət müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycan bu mürəkkəbliyi öz üzərində daim hiss edir. Bəxtimiz onda gətirib ki, belə çətin bir dövrdə böyük siyasətçi və strateq Heydər Əliyev XX əsrin sonlarında imdadımıza yetişərək milli dövlətçiliyimizin sarsılmaz əsaslarını qoydu. Prezident İlham Əliyev estafeti inamla qəbul edərək milli inkişaf və milli təhlükəsizlik siyasətini XXI əsrin çağırışlarına uyğun yeni çalarlarla zənginləşdirdi. Nəticədə Azərbaycan dinamik inkişaf yoluna çıxdı, dünyada söz və nüfuz sahibinə çevrildi. Gənc Azərbaycan dövlətinin bu uğurunun da, dövrün çətinliklərindən və ziddiyyətlərindən doğan maneələri məharətlə, mümkün qədər az itkilərlə dəf etməsinin sirrini də çox dəqiqliklə ölçülüb-biçilən bu uzaqgörən siyasətdə axtarmaq lazımdır.
Müasir dövrün geosiyasi mürəkkəbliyi
Bir oxucu olaraq, məni müasir dövrün geosiyasi mürəkkəbliyi barədə bir daha düşünməyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor, siyasətşünas alim Əli Həsənovun yenicə çapdan çıxmış “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” adlı monoqrafiyası vadar etdi.
Biz professor Əli Həsənovu, eyni zamanda, günümüzün aktual siyasi mövzularına dair cəsarətli, açıq çıxışları, cəmiyyəti düşündürən məsələlər barədə məqamında verilmiş şərhləri, müsahibələri ilə də yaxşı tanıyırıq. O, sıradan bir tədqiqatçı, müşahidəçi deyil, siyasətin bilavasitə içərisində olan, özünəməxsus aydın, prinsipial mövqeyi ilə seçilən alimlərimizdən biridir. Elmi statusu və fəaliyyəti dövlət orqanında tutduğu vəzifə ilə üzvi şəkildə birləşir. Zənnimcə, onun dövrümüz üçün aktual və gərəkli əsərləri ilk növbədə bu amildən qaynaqlanır.
Müasir müstəqil Azərbaycan dövlətinin milli inkişaf siyasəti necə formalaşıb, hansı əsas mərhələlərdən keçib? Bu siyasətin xarakterik xüsusiyyətləri, başlıca məqsədləri, prinsip və vəzifələri nədən ibarətdir? Azərbaycanın milli təhlükəsizlik siyasəti özündə milli maraqları hansı formada ehtiva edir, təhlükəsizlik perspektivləri bu günün prizmasından necə görünür? Siyasətlə maraqlanan hər kəs onu düşündürən bu və digər suallara professor Əli Həsənovun yeni əsərində aydın, ətraflı təhlilə əsaslanan məntiqli və dolğun cavablar tapa bilər. Müəllif bu fundamental kitabında Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından keçən 25 il müddətində ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya və digər istiqamətlərdə həyata keçirilən milli inkişaf və təhlükəsizlik siyasətinin uğurlu nəticələrinin hərtərəfli və sistemli təhlilini verir. Eyni zamanda, milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürüdülən siyasətin, bu istiqamətdə görülən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektlərini araşdırır, onun praktiki nəticələrini və səmərəlilik dərəcəsini geosiyasi baxımdan dəyərləndirir.
Problemin öyrənilmə dərəcəsi
Monoqrafiya problemin öyrənilməsi dərəcəsinin qiymətləndirilməsi ilə də diqqəti cəlb edir. Xüsusən ona görə ki, Azərbaycanda milli inkişaf və təhlükəsizlik siyasəti indiyədək nə beynəlxalq, nə də ölkə siyasətşünaslığında ayrıca elmi araşdırma obyekti olmayıb, bu istiqamətdə sistemli və kompleks tədqiqatlar aparılmayıb. Bununla belə, mövzuya dair bir çox xarici və yerli müəlliflərin məqalələri, kitabları nəşr olunub. Bu barədə mülahizələrini bildirən müəllif milli inkişaf və təhlükəsizlik siyasətinin müxtəlif aspektlərinin araşdırılmasında bəzi alimlərin əsərlərinin əhəmiyyətinə diqqət çəkir.
Geosiyasət, milli inkişaf və təhlükəsizlik strategiyası birdən-birə formalaşmır, müəyyən inkişaf mərhələlərindən və təkamül prosesindən keçir. Müəllif həmin mərhələləri və prosesi ayrı-ayrılıqda tədqiqata cəlb edir, hər birinə obyektiv qiymət verməyə çalışır. Müstəqilliyin ilk illərində bu sahədə yaranmış boşluq və onun fəsadları, sonradan ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və həyata keçirilən, hazırda Prezident İlham Əliyevin müasir geostrateji çağırışlara müvafiq olaraq zənginləşdirdiyi siyasətin ən müxtəlif aspektləri kitabda geniş əksini tapıb.
Əlbəttə, belə fundamental kitabın bütün məziyyətləri barədə fikir yürütmək, onu elmi baxımdan qiymətləndirmək mütəxəssislərin işidir. Mən isə monoqrafiyanın informasiya yüklülüyü, oxucu üçün maraqlı cəhətləri barədə mülahizələrimi bildirmək istərdim.
Geosiyasətdə ikinci dərəcəli məsələ yoxdur. Onlar bir-birinə zəncir kimi bağlanaraq bir sistem yaradır. Müəllif belə bir fikrində tam haqlıdır ki, hər bir müstəqil dövlətin dünya birliyində tutduğu mövqe, qazandığı nüfuz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyi və səmərəliliyi ilə sıx bağlıdır. Buna görə də bu siyasətin öyrənilməsi, qarşıda dayanan məqsəd və vəzifələrin elmi-konseptual baxımdan araşdırılması Azərbaycan siyasətşünaslığında xüsusi aktuallıq kəsb edir.
Sirr deyil ki, fövqəldövlətlərin, beynəlxalq miqyasda əsas aktorların, eləcə də qonşu ölkələrin Qafqaz regionunda, o cümlədən Azərbaycanda öz maraqları var. Zaman-zaman toqquşan bu maraqlar Azərbaycan geosiyasətində əlavə mürəkkəblik yaradır, həssaslıq və çeviklik tələb edir. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi xüsusən son vaxtlar müxtəlif beynəlxalq güclərin, böyük dövlətlərin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarının kəsişdiyi məkana çevrilib. Bu amillərə diqqət çəkən müəllif iki əsas ölkənin – Rusiya və ABŞ-ın, həmçinin digər geosiyasi aktorlar olan NATO və Avropa İttifaqının, böyük dövlətlərin regionda öz milli maraqlarını reallaşdırmaq cəhdlərindən bəhs edir, bunun Azərbaycanın təhlükəsizlik strategiyasının formalaşdırılmasına təsirini, milli təhlükəsizlik üçün yaranan təhdidləri açıb göstərir. Alim bu kontekstdə hərbi-geostrateji gücləri təsnifatlaşdırır, Azərbaycanın geosiyasi kodu ilə bağlı elmi mülahizələr irəli sürür. Bu baxımdan monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələri xüsusi maraq doğurur.
Cənubi Qafqazda əsas aktorlar: Rusiya və ABŞ
Rusiya Azərbaycanın yaxın qonşusu və bizimlə xüsusi münasibətləri olan böyük dövlətdir. Monoqrafiyanın ayrıca bir bölməsi Rusiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionu ilə bağlı geosiyasətinin və bu kontekstdə Azərbaycanın təhlükəsizlik maraqlarının təhlilinə həsr olunub. Müəllif bu məsələdə formalaşmış fərqli mövqeləri müqayisə edir, qarşılaşdırma aparır. Məsələn, mütəxəssislərin belə bir fikri oxucunun mühakiməsinə verilir: Rusiya hazırda bütün mümkün vasitələrlə Qərbin – ABŞ, NATO və Avropa İttifaqının, həmçinin Türkiyə kimi ölkələrin Cənubi Qafqaza, Xəzər-Qara dəniz hövzəsinə və Mərkəzi Asiyaya müdaxiləsinin, bu coğrafiyada möhkəmlənməsinin qarşısını almaq istiqamətində fəaliyyət göstərir. O, regionda hərbi-geosiyasi maraqlarını qorumaq üçün, lazım gələrsə, bütün mümkün vasitələrə əl atmağa hazırdır. Buna Rusiyanın 2008-ci ildə “Cənubi Osetiya əhalisinin müdafiəsi” adı altında Gürcüstanla apardığı müharibə misal göstərilir. Yaxud maraq doğuran başqa bir fikir: Ötən əsrin 90-cı illərində region ölkələrinin (Ermənistan istisna olmaqla) müəyyən mənada Rusiyadan üz döndərməsi, özlərinə digər geosiyasi tərəfdaşlar axtarması onun regionda öz maraqlarını və təsir imkanlarını qoruyub saxlamaq üçün ənənəvi olaraq daxili münaqişələrdən istifadəyə üstünlük verməsi, açıq, yaxud dolayı yolla davakar etnik separatizmi dəstəkləməsi, ölkələrin ərazi bütövlüyünün pozulmasına biganə qalması və s. kimi amillərlə bağlı idi.
Monoqrafiyada Rusiyanın regiondakı siyasətinin ayrı-ayrı mərhələlərdəki dolğun xarakteristikası verilir. Müasir dövrə gəlincə, professor Əli Həsənov hesab edir ki, Rusiya hazırda Xəzər hövzəsi və Cənubi Qafqazdakı bütün hərbi-geostrateji yüklü məsələləri bir qədər fərqli metod və vasitələrlə, Xəzərdə və Cənubi Qafqazda tarixi rəqibləri olan İran və Türkiyənin, həmçinin hər iki məkanda yeni rəqibləri ABŞ, NATO və Avropa İttifaqının iştirakı olmadan həll etmək istəyir. Monoqrafiyada bu siyasətin reallaşdırılmasına göstərilən cəhdlər, atılan addımlar, bunun Azərbaycanın təhlükəsizlik konsepsiyasına təsirləri konkret fakt və hadisələr fonunda şərh və təhlil edilir. Rusiyanın bəzi postsovet respublikaların iştirakı ilə yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Azərbaycanın hərbi-geostrateji maraqları ilə bağlı araşdırma və mülahizələr, çıxarılan nəticələr diqqət çəkir. Oxucuda Azərbaycanın bu təşkilatda üzvlükdən imtinasının səbəbləri, qurumun yaradılmasının məqsədləri və pərdəarxası məqamları barədə aydın təsəvvür yaradır. Eyni zamanda, Cənubi Qafqazda bitərəf təhlükəsizlik siyasəti yürüdən Azərbaycanın həm Rusiya və KTMT, həm də ABŞ və NATO ilə tərəfdaşlıq münasibətləri saxlamağa çalışmasının balanslaşdırılmış xarici siyasətdən irəli gəldiyi və milli təhlükəsizlik maraqlarına tam cavab verdiyi yetərincə əsaslandırılır.
Daha sonra professor Əli Həsənov ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik siyasətinə ayrı-ayrılıqda nəzər yetirir, bu siyasəti Azərbaycanın hərbi-geostrateji maraqları baxımından geniş politoloji təhlilə cəlb edir. Kitabın müvafiq bölmələrində problem bütün nüansları ilə əhatə olunur, siyasi liderlərin, nüfuzlu ekspertlərin fikirlərinə, müvafiq sənədlərin və region ətrafında cərəyan edən hadisələrin şərhinə geniş yer ayrılır. Xüsusən NATO-nun yeni beynəlxalq təhlükəsizlik strategiyası ilə bağlı dünya mütəxəssislərinin fərqli fikirlərinə istinad edən, çoxsaylı politoloji materialları təhlil süzgəcindən keçirən müəllif belə bir nəticəyə gəlir: Rusiya ABŞ-ın və NATO-nun son dövrlərdəki loyal münasibətindən, Qərbin Cənubi Qafqazdakı səmərəsiz hərbi inteqrasiya siyasətindən praqmatik formada bəhrələnərək, bölgənin ölkələri ilə tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirə və hərbi-geostrateji təsir dairəsini genişləndirə bildi.
Zənnimcə, əsərin digər mühüm məziyyətlərindən biri müəllifin müasir dövrümüz üçün xüsusi aktuallıq kəsb edən geosiyasi problemlərə, məsələn, Ukrayna böhranına, bununla bağlı Rusiya-Qərb qarşıdurmasına yer ayırması və Azərbaycanın milli təhlükəsizlik siyasətini vahid dünya məkanı kontekstində təhlil etməsidir.
Türkiyə və İranın Azərbaycana geostrateji yanaşması
Monoqrafiyanın qardaş Türkiyənin və qonşu İranın regionda, təbii ki, xüsusən Azərbaycanda təhlükəsizlik arxitekturasına yanaşması ilə bağlı bölmələri məndə daha çox maraq doğurdu. Odur ki, diqqətimi çəkən bir neçə fakt və şərhi qeyd etməyi lazım bilirəm.
Həm XX yüzillikdə, həm də müasir dövrdə bəzi NATO üzvlərinin öz hərbi müttəfiqləri hesab edilən Türkiyəyə münasibəti birmənalı olmayıb (müəllif bunun səbəbini ətraflı izah edir). Ötən əsrin 90-cı illərindən başlayaraq, Türkiyə ona mane olmaq istəyən Rusiya və İranın təzyiqlərinə baxmayaraq, Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində ciddi addımlar atıb. Azərbaycan da öz növbəsində Türkiyəyə birbaşa dəstək verməklə, onun regionda rəqabət qabiliyyətini artırır. Müəllif “Əsrin müqaviləsi” reallaşdırılarkən Türkiyənin maraqları naminə Azərbaycanın həm Rusiya, həm də İranla ciddi qarşıdurmaya getdiyini xatırladır, mütəxəssislərin aşağıdakı fikirlərini misal gətirir: Türkiyənin Cənubi Qafqazda təmsil olunan təhlükəsizlik maraqları birbaşa Azərbaycanla və onun bölgədəki geosiyasi, hərbi-geostrateji mövqeləri ilə bağlıdır. Türkiyə həm Azərbaycan, həm də Gürcüstan vasitəsilə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının qurulmasında birbaşa iştirak edir, eyni zamanda, onların müstəqilliyinin və təhlükəsizliyinin əlavə qarantı hesab olunur. Türkiyənin regionda önəmi barədə ABŞ politoloqu Zbiqnev Bjezinskinin əsərdə yer alan fikirləri də maraq doğurur.
İranın Cənubi Qafqaz və Azərbaycanın təhlükəsizliyinə yanaşmasına gəlincə, biz bir-birindən kəskin fərqlənən dövrlərin şahidi olmuşuq. Monoqrafiyanın bununla bağlı bölməsinə nəzər salarkən yaxın keçmişdə Qərb-İran qarşıdurmasının pik həddinə çatdığı dövrü xatırladım. O vaxt ABŞ və müttəfiqlərinin İrana hərbi zərbələr endirməyə hazırlaşdığı barədə xəbərlər gündəmi zəbt etmişdi. Bu məsələdə Azərbaycanın adı da tez-tez hallanırdı. Qərb ölkəmizdən platsdarm kimi istifadə etmək istəyir və dövriyyəyə belə xəbərlər buraxılırdı ki, guya Azərbaycan tərəfi buna razılıq verib. Müəllif tarixə qısa ekskurs edərək həmin dövrdə Azərbaycan-İran münasibətlərində yaşanan gərginlikdən söhbət açır. Heç də hamının bilmədiyi belə bir faktı diqqətə çatdırır ki, ölkəmiz bəzən Qərb, ABŞ və İsrailin bu istiqamətdəki geostrateji təzyiqlərinə sinə gərərək, onların Azərbaycan vasitəsilə İrana təzyiq göstərmək, yaxud təsir etmək istəklərini rədd edib. Bununla bağlı Prezident İlham Əliyevin müvafiq bəyanatının əhəmiyyətinə toxunan professor Əli Həsənov İran-Azərbaycan münasibətlərinin real gerçəklikləri barədə mülahizələrini bölüşür. Bu mülahizələr və çıxarılan nəticələr yetərincə əsaslı və inandırıcıdır. Başlıca nəticə isə ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyinin uzaqgörən və balanslaşdırılmış siyasəti münasibətlərdə soyuqluğun aradan qaldırılmasında, hadisələrin müsbət məcraya yönəlməsində həlledici rol oynayıb. Azərbaycan-İran münasibətlərində son illər baş verən canlanma, prezidentlərin qarşılıqlı səfərləri və möhkəmlənməkdə davam edən əməkdaşlıq bunun əyani təsdiqidir.
Müəllifin fikrincə, Türkiyədən fərqli olaraq, İranla bağlı milli təhlükəsizlik siyasəti öz spesifikliyi ilə seçilir və bu özünəməxsusluq geosiyasət sahəsində mütəxəssislərin, məsələn, ABŞ-ın Kanzas Universitetinin professoru, Vaşinqton Xarici Əlaqələr Şurasının siyasi şərhçisi D.Hersprinq kimi nüfuzlu ekspertlərin fikirləri ilə əsaslandırılır. Hər halda, İran regional təhlükəsizlikdə mühüm aktorlardan biridir və Azərbaycan onunla münasibətlərə xüsusi həssaslıqla yanaşıb və yanaşmaqdadır.
Milli təhlükəsizliyimizin bir nömrəli problemi
Monoqrafiyada beynəlxalq, regional və yerli maraqların Cənubi Qafqazın əsas təhlükəsizlik problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində şərh və təhlilinə də xüsusi yer ayrılıb. Professor Əli Həsənov problemin tarixi köklərindən, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasətindən ətraflı söhbət açır. Mövzunu davam etdirərək Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, qəbul edilən bəyanat və qətnamələr, ATƏT-in Minsk qrupunun yaradılması, problemin həlli istiqamətində vasitəçilik səyləri, məsələyə digər beynəlxalq qurumların münasibəti barədə ətraflı məlumat verir.
Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixini şərti mərhələlərə bölən müəllif bu mərhələlərin xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının xarakterindən asılı olduğuna dair fikrini konkret fakt və hadisələr fonunda əsaslandırır. İstər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə problemin həlli istiqamətində həyata keçirilən siyasət, diplomatik fəaliyyət geniş təhlil olunur və nəticələr ümumiləşdirilir. Neçə müddətdir bir nömrəli milli təhlükəsizlik problemimiz olan bu məsələ ilə bağlı heç bir nüans diqqətdən kənarda, yaxud kölgədə qalmır. Beləliklə, münaqişənin tarixçəsi ilə maraqlanan hər kəs, - istər mütəxəssis olsun, istərsə də adi oxucu, - əlavə mənbələrə əl atmadan yetərincə məlumat əldə edə bilir. Bu, təkcə haqqında söhbət gedən bölməyə deyil, bütövlükdə monoqrafiyaya xasdır və onun daha bir üstün məziyyəti sayıla bilər.
Zəngin və mötəbər informasiya mənbəyi
Kitabı vərəqlədikcə diqqətimi daha nələr cəlb etdi? İlk növbədə deyə bilərəm ki, hər bir mövzunun, müddəanın müxtəlif mənbələrə istinadla əsaslandırılması və bu sahədə zəngin palitra. Həmçinin informasiya bazasının zənginliyi və mötəbərliyi. Bəzi siyasətşünaslardan fərqli olaraq, professor Əli Həsənovun, necə deyərlər, həqiqətin gözünə dik baxması, fikirlərini açıq-aydın və cəsarətlə ifadə etməsi. Hesab edirəm ki, bu və digər məqamlar da müasir siyasətşünaslıq üçün önəmli şərtlərdəndir.
Monoqrafiyanın hazırlanmasında Azərbaycan, rus və ingilis dillərində 300-dən çox ədəbiyyat və mənbədən, 60-dək informasiya resursundan, 24 normativ-hüquqi sənəddən istifadə olunub. Kitaba, həmçinin mövzu ilə bağlı əsas sənədlər – “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, “Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Azərbaycan Respublikasının Hərbi Doktrinası” daxil edilib. Bütün bunlar kitabın elmi dəyərini, informasiya yükünü əhəmiyyətli dərəcədə artırır.
Haqqında söhbət açdığımız monoqrafiya əsasən tədqiqatçılar, mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, siyasi elita üçün nəzərdə tutulub. Zənnimcə, bu sıraya kütləvi oxucu auditoriyasını da əlavə etmək olar. Çünki “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları” kitabı informasiya ilə zəngindir, rəvan dilə və maraqlı üsluba malikdir.
Aslan Aslanov
AZƏRTAC-ın Baş direktoru
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM