Bəlli olduğu kimi, Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-yə rəis təyin olunandan sonra metroda ticarət obyektlərinin yığışdırılmasına başlanıldı. Ticarət obyektlərinin söküntüsü başlayanda yeraltı keçidlərdə jurnalistlər tərəfindən foto və videoçəkilişlər aparılmışdı. Bu zaman jurnalistlərlə polis arasında dəfələrlə gərginlik də yaşanmışdı.
Son zamanlar metro stansiyalarında çəkilən bəzi fotoşəkillər isə metropoliten rəhbərliyini və polisi hərəkətə keçirib.
“Qafqazinfo” xəbər verir ki, metropoliten işçilərinin virtualaz.org saytına verdiyi məlumata görə, metro işçilərinə və polislərinə nəzarətin gücləndirilməsi üçün bir neçə gündür xüsusi göstəriş verilib. Metroya aid ərazilərdə istənilən növ çəkilişin qadağan olunduğunu bildirən yeni elanlar asılıb. Buna səbəb isə metro stansiyalarında və keçidlərində çəkilən şəkillərin son zamanlar sosial şəbəkələrdə və mətbuatda yer almasıdır.
Adının çəkilməsini istəməyən polis əməkdaşının virtualaz.org-a dediyinə görə, polislərə nəzarəti gücləndirmək barədə ciddi göstəriş verilib: “Bir neçə gün əvvəl polis əməkdaşlarından birinin digərini iş vaxtı masaj etməsi səhnəsini əks etdirən fotoşəkil sosial şəbəkələrdə paylaşılıb. Həmin polis əməkdaşına da sərt xəbərdarlıq edilib. Başqa bir foto da çəkilərək yayılıb. Deyirlər ki, o fotonu isə metroda işləyən xadimələrin sökülən ticarət obyektlərindən ələ keçirdikləri malları satdıqları yerdə çəkiblər”.
Nəzarətin gücləndirilməsi ilə bağlı Zaur Hüseynovun da tapşırığı var.
Son bir-iki həftə ərzində metro stansiyalarında çəkilən və qadağanın gücləndirilməsinə səbəb olan fotoları təqdim edirik: