Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan verilən məlumata görə, iyunun 15-də saat 12 radələrində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rəhim Hüseynov idarə etmək hüququ olmadan baş etibarnamə əsasında idarə etdiyi “VAZ 2109” markalı, "20 BA 017" dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Nuranə Zeynalovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin R.Hüseynov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, həmin gün şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
R.Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Strategiya.az